“Reketliklə bağlı məsələlər cinayət işidir. Azərbaycan mətbuatında reketlik mövcud olub. Daxil olan şikayətlərin də 30-35 faizi reketliklə bağlıdır. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıblar. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırılmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketlik edənlərlə bağlı qanun sərtləşdirilsin”.
Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov avqustin 10-da Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.
Reket mediaya qarrşı qanunun sərtləşdirilməsi bu sahədə yaşanan negativləri aradan qaldıracaqmı?
“Mediadan istifadə edib şantaj, dələduzluqla məşğul olanlara selektiv yanaşma ortaya qoyulmalıdır”
“Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hüquqi termin kimi reket media anlayışı yoxdur. İnzibati və Cinayət Məcəlləsində “reket” sözü yer almayıb: “Bu səbəbdən də bu qəbildən olan inzibati və cinayət hadisələrinə reket media konteksindən yanaşılması düzgün deyil. Mediadan istifadə edib şantaj, dələduzluqla məşğul olanlara selektiv yanaşma ortaya qoyulmalıdır. Bu işlə məşğul olan hər kəs qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılmalıdır. Ümumiyyətlə, adıçəkilən işlə məşğul olanlar media sahəsi ilə məşğul olmur. Çünki bu fəaliyyət Media Haqqında Qanuna və digər qanunlara söykənmir. Onlar qeyri-qanuni fəaliyyətlə məşğul olur”.
Baş redaktorun sözlərinə görə, bu problem yalnız hüquqi müstəvidə həll olunmalıdır. Bununla bağlı müvafiq mexanizm hazırlanmalıdır: “Cəmiyyət və media başa düşməlidir ki, burda məsələ söz azadlığından deyil, hüququn pozulmasından gedir. Həmçinin, söhbət medianın azadlığından gedir. Bir tərəfdə peşəkar media, digər tərəfdə isə heç bir əxlaq kodeksini gözləməyən qrup dayanır. Media nümayəndəsi olaraq mən həmin əxlaqsızla nə danışa bilərəm, necə rəqabət apara bilərəm? Bu məsələ ilk növbədə bizim maraqlarımıza uyğundur ki, qeyd edilən zümrə Azərbaycan mediasını tərk etsin. Bunu başa düşmək, birmənalı şəkildə də mövqe qoymaq lazımdır”.
Günel CƏLİLOVA