ABŞ Konqresi sanki Azərbaycana qarşı səlib yürüşü elan edib. Konqresin aşağı və yuxarı palataları Azərbaycanı qaralamaq üçün bir növ yarışa giriblər.
Avqustun 3-də Azərbaycan Ordusunun erməni təxribatının qarşısını alması və bir sıra əlverişli yüksəklikləri nəzarətə götürməsi ermənilərdən çox konqresmenləri narahat edir. Əvvəlcə Nümayəndələr Palatası səviyyəsində, sanki bütün bunların günahkarı bizik deyə, tənqidlər səsləndi. Ardınca ayrı-ayrı ermənipərəst konqresmenlər ölkəmizi hədəf aldılar. Nümayəndələr Palatasından sonra indi də Senat Azərbaycanı ittiham edir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bəyanat yayaraq Azərbaycanı Dağlıq Qarabağın erməni sakinlərinə qarşı “təcavüzdə” günahlandırıb: “Azərbaycanın Dağlıq Qarabağda ölüm saçan hücumları təkcə atəşkəs rejiminin pozulması deyil, həm də Bakının seçdiyi son təcavüz modelinin qəbuledilməz davamıdır. Azərbaycan qüvvələri regionu tərk etməli və Dağlıq Qarabağ xalqına qarşı hərbi əməliyyatları dayandırmalıdır”.
Bu qədər qərəz, tərəfkeşlik olarmı?
“Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Azərbaycana qarşı olan ittihamlar əsassız xarakterlidir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, bir sıra konqresmen və senatorlar üçün şəxsi maraqlar ABŞ-ın dövlət maraqlarından öndə gəlir: “Ümumən, ABŞ Konqresi timsalında Azərbaycana yönəlik qarayaxmaların olacağı gözlənilən idi. Ən azından ona görə ki, Konqresdə erməni lobbisinin maraqlarından çıxış edən qrup var. Birləşmiş Ştatlarda erməni lobbisi bu və ya digər fotrmada konqresmenləri, senatorları ələ alır. Bu minvalla Qarabağ məsələsini gündəmdə saxlamaq istəyirlər. Konqres təmsilçilərinin Azərbaycana yönəlik intensivləşən təxribatları da bundan irəli gəlir. İstənilən halda bütün tərəflərin, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Azərbaycana qarşı olan ittihamlar əsassız xarakterlidir. Bunlar daha çox şəxsi və erməni maraqlarından irəli gələn məsələdir. Yəni bunlar ABŞ-ın dövlət maraqlarından irəli gəlmir. Bu isə o deməkdir ki, bir sıra konqresmen və senatorlar üçün şəxsi maraqlar ABŞ-ın dövlət maraqlarından öndə gəlir. Həmin konqresmenlər ermənilərin maraqlarını müdafiə etmək üzrə adətkərdədilər. Senatın Xarici Əlaqələr Komitəsinin sədri, ümumiyyətlə, erməni lobbiçiliyi ilə məşğul olan bir adamdır. Ona görə də şəxsi maraqlarını hər şeydən üstün tutur. ABŞ-ın dövlət maraqlarını Ağ Ev və Dövlət Departamenti müəyyən edir. Prinsipcə, ABŞ Azərbaycanın öz ərazilərini azad etmək hüququnu tanıyıb. Üstəlik, Vaşinqton Avropanın enerji təchizatında Azərbaycanın önəmini anlayır. Konqresmenlər isə erməni lobbisindən aldıqları pul müqabilində hərəkət edirlər. Azərbaycanın apardığı “Qisas” əməliyyatı əksər ölkələr tərəfindən normal qarşılandı. Çünki separatçılar əsgərlərimizə atəş açmışdılar. Terrorçu, harada olmasından asılı olmayaraq, məhv edilməlidir”.
Partiya sədri onu da qeyd etdi ki, kimin nə deməsindən asılı olmayaraq biz öz işimizdə olmalıyıq.
Vidadi ORDAHALLI