Dünyada ən qəribə və əcaib məsələlərin hamısı ermənilərdən çıxır. Onlar vaxtilə işğal etdikləri Şuşanı tərk edərkən, Hadrutdan gedərkən yalnız Azərbaycan muzeylərinə və ailələrinə aid olan xalçaları, qiymətli əşyaları, muzey eksponatlarını, rəsm qalereyalarının sərvətlərini daşıyıb aparmayıblar. Eyni zamanda Qarabağdan torpaq aparıblar. Şuşadan, Hadrutdan və başqa ərazilərimizdən apardıqları torpağı isə ermənilər satış predmetinə, qazanc yerinə çeviriblər.
Ermənistanda Qarabağdan daşıyıb apardıqları torpağı sərgidə satırlar. Bu barədə Ermənistanın keçmiş deputatı Naira Zohrabyan Facebook səhifəsində yazıb, həmçinin o, torpağın qiymətini açıqlayıb, fotolarını yayıb.
N. Zöhrabyan yazıb ki, xüsusi qablaşdırmada ermənilərə Qarabağ torpağı satılır. O qeyd edib ki, Qarabağdan bir ovuc torpaq almaq olar və bir ovuc torpağın qiyməti 3000 dramdır :"Mən Şuşa, Hadrut, Zabux, Laçından torpaq axtarırdım. Tapmadım. Amma lazım olarsa, bir günə təşkil edəcəklərinə söz verdilər.
Deyim ki, Qarabağı və Ermənistanı hissə-hissə türklərə verən Nikoldan fərqli olaraq, açılış günü Qarabağdan olan bir ovuc torpaq 3000 drama (12 manata) satılıb”.
“…Əslində özlərini ifşa edirlər”
Məsələyə şərh verən "Müasir İnkişaf" Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilər bununla öz mahiyyətlərini ortaya qoyurlar. M.Göyüşlü qeyd etdi ki, Şuşadan oğurlayıb apardıqları torpağın camaata "qram-qram" satılması ermənilərin alverçi xislətini ortaya qoyur. Qarabağın torpağını sərgiləməklə və onun satışını təşkil etməklə özlərinə təsəlli vermək istədiklərini deyən M.Göyüşlü bildirdi ki, suda boğulan saman çöpündən yapışar ki, ermənilər hazırda o vəziyyətdədir. “Ermənilər hazırda elə bir vəziyyətdədir ki, bilmirlər nə edib dünyanın diqqətini cəlb etsinlər. Hesab edirəm ki, Şuşadan oğurlayıb apardıqları torpağı bu şəkildə qablaşdırıb satmaqları ermənilərin növbəti oyunudur. Bu oyun da acizlikdən doğan haldır. Separatçılar bununla öz aləmlərində guya Şuşa torpağının “onlara aid olduğunu” göstərmək istəyirlər. Onlar bu torpağı qablaşdırıb satsalar nə olacaq, satmasalar nə olacaq. Bu olaya ancaq ironik və satirik yanaşmaq olar. Bunlar belə rəy yaratmaq istəyirlər ki, guya o torpaqlara yenidən qayıtmaq eşqindədirlər. Amma bu xam xəyaldır. Şuşa onların torpağı deyil ki, ona qarşı yeni iddalar da ortaya qoyalar. Artıq reallıqlar başqadır və ermənilərin edəcəyi bir şey yoxdur. Bu səbəbdən də əlacsız vəziyyətdə qalıb, sərgi keçirib Şuşa torağını ovuc-ovuc camaata satırlar. Görürsüz ki, bunlar Şuşanın torpağını da qazanc yerinə çeviriblər. Şuşa onların deyil, heç zaman da ola bilməz, ermənilər Şuşanın əsl sakinləri olsaydılar onun torpağını qram-qram satmazdılar. Bununla Şuşanın yerli əhalisi olmadıqlarını təsdiqləyirlər. Artıq bunlar bilmirlər nə etsinlər. Bütün bunlar hamısı bir oyundur və separatçıların Qarabağdakı mövqeyini möhkəmləndirməyə yönəlib. Bu da faydasızdır. Çünki münaqişə bitib, qalan məsələlər də tədricən həllini tapacaq. Bu gün artıq masada Qarabağ məsələsi yoxdur, Zəngəzur məsələsi var. Ona görə də, Şuşa torpağını İrəvanda satan separatçılar və revanşistlər diqqəti cəlb etmək niyyəti güdürlər”.
M.Göyüşlü vurğuladı ki, ermənilər Şuşa, Hadrut, Laçın, Kəlbəcər, Ağdam, Füzuli torpaqlarını qablaşdırıb satmaqla heç nə əldə edə bilməyəcəklər, onların bu torpaqlara yaşamaq üçün dönüşü yoxdur: “Onların görüb-görəcəyi elə oğurlayıb apardıqlarıdır, geri dönüşləri isə yoxdur. Bu torpağı xüsusi qablaşdırmalarda satışa çıxarmaqla əslində özlərini ifşa edirlər. İndiyə qədər eşitməmişəm ki, bu şəkildə torpaq satılır, bir ovuc torpağın bizim pulla 12 manata satıldığını da ermənilərdə gördük. Doğrudan da məntiqsiz bir davranışdır. 3000 dram verib bir ovuc Şuşa torpağı almaq o demək deyil ki, onlar Şuşaya qayıda bilərlər. Əsla. Bununla özlərinə təskinlik verirlər”.
İradə SARIYEVA