Dünyada geosiyasi, geoiqtisadi ziddiyyətlərin getdikcə dərinləşməsi fonunda ictimai və dövlət maraqlarının müdafiəsi məsələsi daha da aktuallaşır.
Bu da təsadüfi deyil. belə ki, ictimai və dövlət maraqlarının müdafiəsində zəif bəndlərin tapılması ilə istənilən ölkənin çökdürülməsi onun üzərində nəzarətin ələ alınması tamamilə mümkündür. Günümüzdə bu xüsusda kifayət qədər misallara rast gəlmək mümkündür.
Təbliğatla ictimai maraqların manipulyasiyası cəhdləri çoxalır
Hazırda dünyanın bir çox bölgələrində davam edən münaqişələr fonunda ictimai və dövlət maraqlarının müdafiəsi daha çox ön plana çıxmağa başlayıb. Çünki qalibiyyət əldə etmək istəyən ölkə qarşı tərəfdə ictimai maraqların sarsıdılması ilə məqsədinə çatmağa can atır. Çox da uzağa getmədən Rusiya-Ukrayna münaqişəsi fonunda bunu görmək olar.
Hazırda Ukraynanı müdafiə edən kollektiv Qərb Rusiyanı məğlubiyyətə düçar etmək üçün rus cəmiyyətinin ictimai maraqları üzərində ciddi manipulyasiya aparır. Bu fonda Qərbdən olan sosioloqlar Rusiyanın Ukraynada apardığı müharibənin tərəfdarları ilə ətraflı müsahibələr aparır. Onlar döyüşləri dəstəkləyən rusların motivlərini, həmçinin onlarla dialoqun mümkün olub-olmadığını öyrənirlər. ümumiyyətlə, müxtəlif ölkələrdə bir çox insanı şoka salan Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri rusların buna reaksiyası Qərbə əsas məsələlərdən biri olaraq qalır. Rəy sorğuları ümumilikdə rusların əksəriyyətinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəklədiyini göstərir. Düzdür, kəmiyyət sorğuları “xüsusi əməliyyat”ın tərəfdarı kimi tanınan insanların necə düşündüyünü dəqiq göstərmir. Bu insanlar kimdir? Onlar konkret olaraq nəyi dəstəkləyirlər? Onların düşüncəsinin arxasında hansı məntiq dayanır? Bu suallara yalnız Ukraynada müharibənin qavranılmasının keyfiyyətcə öyrənilməsi cavab verə bilər. məhz bu halda Qərbdə belə hesab edilir ki, Rusiyanın Ukraynada məlubiyyətini şərtləndirmək olar. Düzdür, Qərbin bu niyyətini gərən ruslar preventiv addımlar atır. Bu səbəbdən müharibə və ya “xüsusi əməliyyat” haqqında danışmaq üçün razılıq almaq indi getdikcə çətinləşir. Eyni zamanda ruslar özləri də buna qarşı fəal iş aparır. Məhz Rusiya hökumətinin təbliğatı ona gətirib çıxarıb ki, rus cəmiyyəti alternativ məlumat mənbələrinə məhəl qoymur. Bu cəmiyyət Ukraynanın nasistlər tərəfindən tutulduğunu, Kiyevin NATO-nun köməyi ilə Donbas və Krıma, sonra isə Rusiyaya hücum planlaşdırdığını düşünür. Indi rusların bir çoxu iqtisadi sanksiyaların mənfi nəticələrinə məhəl qoymayaraq müharibəni başladan prezident Vladimir Putinə rəğbət bəsləyir. Araşdırmaar göstərir ki, hökumətin təbliğat auditoriyası ciddi təsir altındadır. Indi Rusiya hökumətinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyənlər arasında dövlət təbliğatının yanaşmasını öz mülahizələrində təkrarlayanlar üstünlük təşkil edirlər. Onlar Rusiyanın rəsmi məlumat mənbələrinə etibar edirlər və əksər hallarda digər mənbələrə baxmırlar. Belə şəxslər hərbi əməliyyatı Donbas əhalisini Ukrayna rejimindən qorumaq və Ukrayna “nasizmi” və ya ümumilikdə “faşizm”lə mübarizə zərurəti ilə əsaslandırırlar. Belə şəxslər itkilərdən narahatdırlar, lakin hesab edirlər ki, buna səbəb Ukrayna ordusunun yaşayış məntəqələrində gizlənməsi və dinc əhaliyə atəş açmasıdır. Onlar sanksiyaların Rusiya iqtisadiyyatına zərbə vuracağını etiraf etməyə meyllidirlər, lakin onların nəticələrinə dözməyə hazırdırlar. Onlar Putinə rəğbət bəsləyirlər və Rusiyada daxili problemləri görmələrinə baxmayaraq, ölkə üçün çətin bir dövrdə buna dözməyə hazırdırlar. Bunlar təbliğat vasitəsilə ictimai maraqların manipulyasiya imkanlarının nə dərəcədə effektiv olduğunu nümayiş etdirir. Məhz bu nümunə bir daha təsdiq edir ki, Azərbaycan cəmiyyətində təbliğat amilinə xüsusi diqqət edilməli, ictimai maraqların bu yolla zərərli təsr altına düşməsinin qarşısı alınmalıdır. Çünki Azərbaycanın Ermənistan kimi düşməni var, eyni zamanda ölkəmizə təbliğatla zərərli ideologiyaların gətrilməsinə cəhdlər olur. Məhz ictimai maraqlar naminə vətəndaşlar bunun qarşısında sədd çəkməlidirlər.
İctimai maraqların səmərəli müdafiəsi media-dövlət işbirliyindən də əhəmiyyətli dərəcədə asılıdır
Nəzərə alınmalıdır ki, ictimai maraqlar bütövlükdə cəmiyyət və ya ayrı-ayrı sosial qruplar üçün müəyyən dəyərə malikdir. Bu dəyərin gözlənilməsi, həmçinin dövlət, ictimai və milli maraqların təmin olunması ölkmizdə prioritetdir. Çünki bu halda insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların ödənilməsi uğurla həyata keçir.
Burada Azərbaycanın müəyyən üstünlükləri də xüsusi olaraq qeyd edilməlidir. Belə ki, müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir sosium kimi xarakterizə olunur. Məhz bu halda ona təbliğat və digər yollarla mənfi tendensiyaların ötürülməsi daha çətin olur. O da faktdır ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşların maariflənməsi ən önəmli şərtlərdəndir. Belə maarflənmənin həyata keçməsi medianın işi sayəsində mümkün olur. Bu da media və dövlət arasında sıx işbirliyini zərurətə çevirir. Medianın, sosial şəbəkələrin və informasiya texnologiyalarının dövlət-cəmiyyət əlaqələrinə güclü təsirini nəzərə alan zaman, ictimai və dövlət maraqlarının müdafiəsi məsələsinin məhz müvafiq kontekstdə daim xüsusi diqqət mərkəzində olması çox önəmlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu xüsusda qeyd edir: “Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”. Bütün bunlar ictimai və dövlət maraqlarının qorunmasında medianın da üzərinə böyük missiya düşdüyünü, medianın bu xüsusda dövlətlə işbirliyinin dərinləşməkdə olduğunu göstərir.
Tahir TAĞIYEV Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.