Ermənistan sülhməramlıların mandatı ilə bağlı Rusiyaya müraciət etdi - Lavrov danışdı...

Elşən Manafov: “Sülhməramlılar gerçək sülhün bərqərar olması üçün ilk növbədə...”

img

“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin səmərəliliyinin artırılmasının zəruriliyi və bir sıra digər hallarda gələcəkdə mümkün problemlərin yaranması ilə bağlı Ermənistan tərəfinin narahatlığı 2021-ci ilin fevralında Rusiyanın ali rəhbərliyinə yazılı şəkildə çatdırılıb”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan yerli mediaya açıqlamasında deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Qarabağda fəaliyyət göstərən sülhməramlılardan narazılığını ifadə edib. Paşinyan deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur: “2020-ci il dekabrın 11-də Xtsaberd və Köhnə Tağlar kəndlərinin Azərbaycan tərəfindən tutulması və Rusiya sülhməramlılarının razılığı ilə erməni hərbçilərinin əsir götürülməsi, 24 mart 2022-ci ildə Dağlıq Qarabağın Fərrux kəndinin tutulması, yenə də Rusiya sülhməramlılarının iştirakı ilə qoşunların təmas xətti boyunca atəşkəs rejiminin pozulması, sülhməramlıların iştirakı ilə Dağlıq Qarabağ ermənilərinin fiziki və psixoloji hədə-qorxuya məruz qalması halları sadəcə olaraq qəbuledilməzdir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirərək qeyd edib ki, belə bir təklifdən xəbəri yoxdur: “Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”.

Görünən odur ki, Paşinyan Qarabağda sülhməramlı mandatdan danışır, bununla bağlı məsələlərin dəqiqləşdirilməsini gündəmə gətirir. Lavrov isə deyir hələ mən o təklifləri görməmişəm. Belə çıxır, artıq o Paşinyana mesajdır ki, onu göndərib. Gözlənilir ki, mandatla bağlı məsələ Ermənistanla Rusiya arasında müzakirə olunacaq. XİN rəsmisinin hələ 2021-ci ilin fevralında bununla bağlı Ermənistanın mövqeyini yazılı formada Rusiyaya çatdırması onu deməyə əsas verir ki, deməli, mandatla bağlı məsələ yazılı formada ortada var.

Maraqlıdır, bütün bunları ekspertlər necə dəyərləndirir?

  • “Paşinyan unudur ki, məhz sülhməramlıların dislokasiya olunduğu mövqelərdən Azərbaycan ərazisi gulləbaran edilir”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, belə bir təklifin ortada olması diqqəti cəlb edir: “Əvvəla, sülhməramlıların fəaliyyətində izlənilən məlum məqamlar nəzərə alınarsa, onlar məhz erməni tərəfini məmnun edəcək kifayət qədər "effektiv" təsir bağışlayan addımlar atıblar və bununla da beynəlxalq hüquqa görə sülhməramlıların statusuna aid olmayan hərəkətlərə yol verirlər. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq və suallar doğurub. Rusiya sülhməramlılarının münaqişə bölgəsinə gəlməsindən sonra dərhal Qarabağın erməni icmasının sosial səciyyə daşıyan problemlərinin həllində yaxından iştirakı, məsələn infrastrukturun bərpası, təhsil, səhiyyə, mədəniyyət və digər məsələlərlə bağlı gördükləri işlər onların vəzifəsinə aid olan fəaliyyət sferası deyildi. Digər tərəfdən belə təəssürat yaranırdı ki, bunu öz hesabına Rusiya tərəfi edirdi. Əslində bütün bu işlər Azərbaycan dövlətinin hüquqi fəaliyyət sferasına aiddir. Bunları etməklə Rusiya dolayısı ilə Azərbaycanın daxili işlərinə müdaxilə etmiş tərəf təsiri bağışlayır. Paşinyan "effektivliyin artırılması" zərurətindən danişanda, yəqin ki, məhz Rusiya sülhməramlılarının "liberalizmi" nəticəsində Qarabağda erməni icmasının qısa zaman müddətində demoqrafik göstəricilərinin sürətlə qalxması tendensiyasını da yada salmır. Unudur ki, məhz sülhməramlıların dislokasiya olunduğu mövqelərdən Azərbaycan ərazisi gulləbaran edilir, ordumuz şəhid verir”.

E.Manafov hesab edir ki, sülhməramlıların effektivliyinin gücləndirilməsinə ciddi ehtiyac var və bu məsələni daha çox rəsmi Bakı qaldırmalıdır: “O anlamda ki, sülhməramlılar gerçək sülhün bərqərar olması üçün ilk növbədə Azərbaycan ərazisindən hələ də tam çıxarılmamış və ermənilərə aid olan qanunsuz hərbi birləşmələri tərksilah etməli, onlarin Ermənistana gedişini təmin etməlidirlər. Paşinyanın niyə məhz bu günlərdə əslində olmayan bir müraciəti xatirlamasına gəlincə isə, bunun səbəbini ABŞ MKİ şefinin bu gunlərdə Ermənistanda olması və ictimaiyyətə açıqlanmayan məsələlər ətrafındakı müzakirələrdə axtarmaq lazımdır. Məhz bu səfərdən sonra Paşinyan yenidən Qarabağın statusu ilə bağlı məsələləri qabartmağa, Minsk Qrupunu yenidən danışıqlar masasi arxasına qaytarmağa çağırışlar etməyə başladı. Azərbaycanın 44 günlük savaşda əldə etdiyi qələbədən sonra bölgədə yeni geosiyasi reallıqlar yaranıb. Rusiya və Türkiyə İranla birlikdə bölgədə təhlükəsizlik problemlərinin həllinə girişiblər. Bu isə yeni dünya nizamı uğrunda qarşıdurmada Rusiyanı imtahana çəkən ABŞ və onun Qərb koalisiyası üzrə müttəfiqlərini məmnun etmir. Digər tərəfdən, Paşinyan elə özu də 2018-ci ilin məlum Soros inqilabı nəticəsində ona görə iqtidara gətirildi ki, Ermənistanda Qərbi qane etməyən quvvələr nisbətini dəyişsin. Ancaq geopolitik anlamda Qərb hələlik buna nail olmayıb. Odur ki, axtarışlar davam edir. ABŞ-ın bu günlərdə Ermənistana ayırdığı 125 milyon dollar Paşinyan iqtidarını razı salmaq və oyunu davam etdirmək üçündür. Bunu Rusiya da görur və şərait yetişdikdə Ermənistanda Rusiya maraqlarına işləyəcək mexanizmlər effektiv vəziyyətə gətiriləcək”.

Ancaq politoloqun fikrincə, bu, Paşinyanın umduğu "effektivlik" olmayacaq.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər