Rusiya prezidenti Vladimir Putin "Auchan", "Nestlé" və keçmiş "Leroy Merlin" şəbəkəsinin Rusiyadakı aktivlərinin milliləşdirilməsi haqqında fərman imzalayıb.
Bu barədə "Interfax" rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanın mətninə istinadən məlumat yayıb. 17 sentyabr tarixli fərmana əsasən, beynəlxalq korporasiyalar olan "Auchan" və "Nestlé"-nin aktivləri məcburi qaydada "L.E.V. Management" səhmdar cəmiyyətinin idarəçiliyinə verilir. Həmin qurum həmçinin "FM Logistics" və "Bati Logistics" logistika operatorlarının, eləcə də "Le Monlid" MMC-nin (keçmiş "Leroy Merlin" şəbəkəsi) aktivlərinə nəzarəti ələ alıb. Rusiya reyestr məlumatlarına görə, "L.E.V. Management" tipik bir "pərdəarxası" (shell) şirkətdir. O, Moskvada yalnız 2024-cü ilin oktyabrında qeydiyyata alınıb. Qurumun baş direktoru kimi Andrey Krayuşkin göstərilsə də, onun faktiki benefisiar sahibləri barədə məlumat açıqlanmayıb. Şirkət heç bir kommersiya fəaliyyəti həyata keçirməyib. İsveçrənin "Nestlé" şirkəti Rusiyada 1994-cü ildən bəri fəaliyyət göstərir və ölkənin müxtəlif bölgələrində altı böyük istehsalat obyektinə sahibdir. 2021-ci ildə şirkətin Rusiya Federasiyasındakı əsas hüquqi şəxslərinin ümumi gəliri təxminən 30 milyard rubl təşkil edib. Şirkət Ukraynaya qarşı genişmiqyaslı işğalın başlamasından sonrakı illərə aid məlumatları gizli saxlayıb. Fransanın pərakəndə satış şəbəkəsi olan "Auchan" Rusiyada 2002-ci ildən fəaliyyət göstərir və 100 şəhərdə 230 mağazanı əhatə edir. 2022-ci ildən etibarən şirkətin Rusiya bölməsi müstəqil fəaliyyətə keçdiyini elan etsə də, bazarı tərk etməyib. "Auchan" MMC demək olar ki, tamamilə Fransanın "Sogepar" firmasına məxsusdur. 2004-cü ildən Rusiya bazarında fəaliyyət göstərən Fransanın "Leroy Merlin" şirkəti də uzun müddət ölkəni tərk etməkdən imtina etmişdi. Daha sonra pərakəndə satış şirkəti "Lemana PRO" adı altında rebrendinq edib və 112 mağaza, eləcə də 11 "dark store" (yalnız onlayn sifarişlər üçün nəzərdə tutulmuş anbar-mağaza) şəbəkəsini idarə edib. 2023-cü ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "Scenari Holding LP" şirkəti Rusiyada fəaliyyət göstərən "Le Monlid" MMC-dəki payın 99,99%-nin sahibi oldu. Fransanın "Adeo" qrupu isə rəsmən cəmi 0,007%-lik payı özündə saxladı.