Rauf Zeyni: “Paşinyanın bu etirafı Prezident İlham Əliyevin söylədiyi fikirlərin real olduğunu təsdiqləyir”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə onlarla yaşayış məntəqəsinin boş qalması və bölgələrdə boş mənzillərin mövcudluğu barədə etiraf edib. “Kirayə məsələsinə gəlincə, Ermənistan təkcə İrəvandan və ya onun mərkəzi və Arabkir rayonundan ibarət deyil. Ölkədə boş mənzillərin olduğu onlarla yaşayış məntəqəsi var və biz insanların orada məskunlaşmasına kömək etməyə hazırıq. Biz artıq minlərlə ailəyə yardım etmişik: 8000 ailə sertifikat alıb, 4000 ailə isə ev alıb. Mənzil məsələlərinin həlli üçün 800 milyard dram vəsait ayırmışıq", - deyən Paşinyan, qaçqınların hökumətə məxsus villada yerləşdirilməsi təklifinə cavab olaraq qeyd edib ki, əslən Qarabağdan olan bəzi şəxslər, hətta onlarla evə və otelə sahibdirlər və qoy onlar həmin əmlakları qaçqınlara təhvil versinlər.
Boş mənzillərin olduğu onlarla yaşayış məntəqəsi nə deməkdir? O mənzillər niyə boş qalıb? Paşinyan bununla nə demək istəyir? Azərbaycan Prezident İlham Əliyev çıxışlarından birində bildirdi ki, azərbaycanlıları indiki Ermənistan ərazisindən deportasiya edəndən sonra həmin kəndlərdə, qəsəbələrdə evlərin hamısı boş qalıb, orada yaşatmağa adam da tapa bilmirlər.
Paşinyanın bu açıqlaması, etirafı Prezident İlham Əliyevin vurğuladığı məsələnin təsdiqi deyilmi?
Ekspertlərin fikrincə, bu açıqlama illər öncə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın daxilindəki ağır demoqrafik böhran, kəndlərin boşalması və sosial-iqtisadi problemlərlə bağlı səsləndirdiyi fikirlərin reallığını bir daha üzə çıxarıb.
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın qeyd etdiyi boş evlər, yaşayış olmayan yerlər vaxtilə deportasiya edilən azərbaycanlılara məxsus evlərdir. “Bu boşa qalan evlər Qərbi azərbaycanlıların zorla tərk etmək məcburiyyətində qalan evlərdir, mənzillərdir. Bu evlər illərlə boş qalıb və orada heç kim yaşamır. Bu baxımdan da fikirlər üst-üstə düşür ki, Qərbi azərbaycanlılar öz doğma yurd-yuvalarına, evlərinə qayıtmaq istəyirlər. Bu da eyni məntiqlə düz gəlir ki, bu evlərin nə üçün boş qalmasının səbəbləri dərindən araşdırılsa bu evlərin soydaşlarımızın, yurdlaşlarımızın evləri olduğu üzə çıxacaq”.
R.Zeyni qeyd etdi ki, soydaşlarımız Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə köçlə öz yurd-yuvalarına, evlərinə qayıtmalıdırlar.
R.Zeyni qeyd etdi ki, Ermənistanda onlarla mənzildə, yaşayış məntəqəsində insanların yaşamadığı barədə Paşinyanın etirafı vaxtilə Prezident İlham Əliyevin söylədiyi fikirləri bir daha təsdiq edir. “Paşinyanın bu etirafı Prezident İlham Əliyevin söylədiyi fikirlərin real olduğunu təsdiqləyir”-deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA