Ermənistan tərəfi müxtəlif vasitələrlə Azərbaycana yönəlik qaralama kampaniyasını davam etdirir. Əsgərlərimizə qarşı növbəti təxribatçı iddialarla çıxış edir. Müşahidələr göstərur ki, sərhəd insidentləri ilə bağlı bu cür yalanların uydurulması daha intensiv xarakter alır.
Məsələn, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribata əl ataraq, Sünik bölgəsində müxtəlif çaplı atıcı silahlardan atəş açıblar. Əsasən də Qara göl ətrafında Azərbaycanın sabitliyi pozduğunu uydururlar.
Bu azmış kimi, eyni vaxtda Ermənistanın ombudsmanı Arman Tatoyan həqiqəti əks etdirməyən məlumatlarla çıxış edib. A.Tatoyanın “fantaziyası” daha genişdir. O iddia edir ki, guya Azərbaycan əsgərləri Ararat rayonu, Yerasx kəndinin yaxınlığında mülkiyyət hüququ olan insanlara məxsus torpaq sahələrini qəsdən yandırırlar: “Yerasx kəndi Azərbaycan postlarından təxminən 1 km aralıda yerləşir. Azərbaycan Silahlı Qüvvələri atəş açmaqla Yerasx və ətraf kəndlərin sakinlərinin hüquqlarını kobud şəkildə pozur. Yanğınlar səbəbindən Yerasx və ətraf kəndlərin sakinləri kənd təsərrüfatı işlərini həyata keçirə bilmir”.
Bununla belə, erməni ombudsman sözügedən məsələ ilə bağlı “sübut” olaraq saxta videogörüntülər də paylaşıb.
Ümumilikdə, eyni vaxtda Ermənistan tərəfi belə yalanlar niyə yayır? Bunda onların məqsədi nədir?
“Sərhədlərin delimitasiyasını və demarkasiyasını tormozlamaq istəyirlər”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ermənilərin bu cür yalan xarakterli məlumatlar yaymaqda bir sıra məqsədləri var: “Başlıca məqsəd odur ki, beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy yaratsınlar. Guya Azərbaycan aqressiv mövqedən çıxış edir və müharibə bitəndən sonra da bu siyasətini davam etdirir. Hesab edirlər ki, Azərbaycan hərbi baxımdan üstün olduğuna görə dünya onların yalan üzərində qurulan təbliğatına daha tez inanacaq. Həmişə olduğu kimi, bu dəfə də erməni tərəfi özləri barədə dünyada yazıq, məzlum xalq obrazı yaratmaq istəyir. Bu cür yalanları yaymaqda ikinci məqsəd sərhədlərin delimitasiyasını və demarkasiyasını tormozlamaqdır. Hər vasitə ilə çalışırlar ki, bundan yayınsınlar. Bunun üçün də ən münasib variant sərhəddə atəşkəsi qəsdən pozmaqdır. Məsələnin diqqət çəkən tərəfi odur ki, məhz 20 iyun seçkilərindən sonra Ermənistan bu təxribatları intensivləşdirib. Halbuki, 10 noyabr razılaşmasından sonra Azərbaycan-Ermənistan sərhədində atəşkəs demək olar pozulmurdu. Seçkilərin ardından Paşinyan mövqelərini möhkəmləndirəndən sonra şüurlu şəkildə belə zəmin formalaşdırır. Bu təxribatlarda üçüncü məqsəd Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdir. Çünki bütün bunlar bir-biri ilə sıx bağlıdır. Nə qədər sərhəddə gərginlik davam edirsə, bu bir o qədər sözügedən məsələlərə öz məni təsirini göstərir”.
Bu baxımdan şərqşünas hesab edir ki, Azərbaycan istənilən təxribata hazır olmalı və buna adekvat cavab verməlidir.
Vidadi ORDAHALLI