BMT-nin "Siyasətdə Qadınlar-2021" xəritəsində Ermənistan 193 ölkə arasında qadın naziri olmayan ölkələr siyahısında 182-ci sıraya daxil edilib.
Bununla yanaşı, sözügedən siyahıda Azərbaycan, Tailand, Səudiyyə Ərəbistanı, Yəmən və s. ölkələr də var.
Eyni siyahıya görə, icra orqanlarında qadınların 50 faiz və ya daha çox təmsilçiliyi ilə ilk sıralarda Nikaraqua, Avstriya, Belçika, İsveç, Albaniya, Kosta Rika, Finlandiya, Andorra, Kanada və s var.
Məlumat üçün qeyd edək ki, Ermənistanda təyin olunan nazirlər arasında yalnız bir qadın var - səhiyyə naziri Anahit Avanesyan. Baş nazir və baş nazir müavinləri də kişilərdir. Parlamentin Rəyasət Heyətində də qadın yoxdur. Amma parlamentdəki üç fraksiyanın sədri qadınlardır.
Heç şübhəsiz, BMT-nin məlum siyahısında Azərbaycanın da adının yer alması ölkəmizin imici baxımından yaxşı hal deyil. Nəzərə almaq lazımdır ki, bir vaxtlar Azərbaycanda qadın nazirlər olub. İllər keçəndən sonra isə, nədənsə, bu məsələ arxa plana keçib. O baxımdan maraqlıdır, Azərbaycanın imicini düzəltmək üçün hansı nazir postlarına qadın gətirmək olar?
“Bu o demək deyil ki, bizdə bununla bağlı diskriminasiya var”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı buna birmənalı prizmadan yanaşmadı: “Hələ sovet dönəmində də qadınların yüksək vəzifədə təmsil olunması prioritet idi. O zamanki SSRİ siyasətini biz həmişə tənqid edirik. O mənada ki, kriteriya qoyurdular parlamentdə bu qədər qadın olsun, filan qədər fəhlə və s. Bu da insan haqlarının pozulması idi. İndi Qərb ölkələri bunu formaca dəyişib, məzmunca eyni qaydada saxlamaq istəyirlər. Gender bərabərliyi adı altında bu yöndə təbliğat aparırlar. Konstitusiyaya görə qadınla kişi bərabərdir. Bu kimi məsələləri hansısa beynəlxalq təşkilatların tövsiyələri ilə tənzimləmək doğru deyil. Azərbaycana gəldikdə, burada hansısa diskriminasiyadan danışmaq doğru deyil. Çünki ölkənin vitse-prezidenti, parlamentin sədri qadındır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır. Ali məktəb rektorlarından qadın olan var. Bakıda məktəb direktorlarının çoxu qadındır. O cümlədən digər vəzifələrdə də qadınlar təmsil olunur. O baxımdan Azərbaycanda hazırda qadın nazirin olmaması o demək deyil ki, bizdə bununla bağlı diskriminasiya var. Qətiyyən belə deyil. Sadəcə olaraq, Qərb ölkələri Azərbaycanın imcini aşağılamaq üçün müxtəlif variantlar axtarırlar. Yəni süni şəkildə Azərbaycanda nöqsan axtarmağa çalışırlar. Bu da düzgün deyil. Mən özüm bir sıra layihələrdə iştirak etdiyim üçün bütün bunları yaxşı bilirəm. Ancaq bütün bunlara rəğmən, Azərbaycanda elə sahələr var ki, onlara qadınlar rəhbərlik edə bilər. Bu baxımdan təhsil və səhiyyə nazirliklərinə qadınların rəhbərlik etməsi daha məqsədəuyğundur. Sözügedən qurumlar qadınların rəhbərlik etməsi üçün daha uyğundur. Hesab edirəm ki, belə olsa, bu, ölkəmizin imicinə müsbət təsir edəcək”.
Professor hesab edir ki, zamanla bu məsələlər yoluna düşəcək.
Vidadi ORDAHALLI