Dünənədək hamiləri hesab etdikləri Rusiyaya qarşı ermənilərin qəzəbi bitib-tükənmək, səngimək bilmir. Kremli daha nələrdə ittiham etmirlər... Qəribəsi isə odur ki, öz tarixi işğalçılıqla, yad torpaqları qamarlamaqla zəngin olan Ermənistan bu gün Rusiyanı işğalçılıqda suçlayır.
Ona görə yox ki, Rusiya işğalçıdır və ermənilər haqq-ədalət axtarırlar, ona görə ki, bu dəfə Kreml Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsində və ya Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə 44 günlük savaşda, tam yaşıl işıq yandırmayıb.
Beləliklə ArmenianReportun yazarı Ambarsum yazır:
Kreml Qərbin necə fəallaşdığını və torpaqlarımızla bağlı fərqli bir mövqe ortaya qoyduğunu görür. Bu, bir çox cəhətdən tarixi baxımdan da ibrətamizdir. Belə ki, düz 13 il əvvəl, 8 avqust 2008-ci il gecəsində, gürcü hərbçiləri Tsxinvaliyə girdi, lakin rus ordusu tərəfindən oradan çıxarıldı və döyüşlər nəticəsində rus ordusu az qala, Tiflisə çatdı. Bu Cənubi Qafqaz, Rusiya və Qərb üçün qısa bir müharibə idi - cəmi beş gün idi, amma bunun böyük nəticələri vardı. Rəsmi Tiflis 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Tsxinvaliyə edilən hücumu Gürcüstan ordusunun Cənubi Osetiyada "konstitusiya quruluşunun bərpası" ilə əsaslandırırdı. Rusiya isə Cənubi Osetiyadakı vətəndaşlarını və sülhməramlılarını qoruduğunu iddia edərək və yalnız "sülhə məcbur etmə" əməliyyatı ilə Gürcüstandan gələn təcavüzə adekvat cavab verdiyini bəyan etdi. Ancaq ümumiyyətlə, kimin ilk atəş açması o qədər də önəmli deyildi. Çünki sonda insanlar öldü. Kim nə deyir desin, amma o vaxt hamı Mixail Saakaşvilinin gerçək bir avantürist olduğunu gördü. Bir sözlə, o, hərəkətlərinin nəticələrini hesablaya bilməyən bir macəraçı idi. Qərbin köməyinə və müdafiəsinə kor-koranə inanırdı ki, nəticə isə bu gün hamıya məlumdur. Eyni addımların bu gün Nikol Paşinyan tərəfindən atıldığını görürük. Bəli, o, korrupsiya ilə mübarizə aparan və Serj Sarkisyan və Robert Köçəryandan köklü şəkildə fərqlənən bir siyasətçidir. O da doğrudur ki, Nikol sənaye miqyasında oğurluq etmir. Lakin onun diletantlığı bizə sonda Ermənistanın ikinci və üçüncü prezidentlərinin korrupsiyasından da qat-qat baha başa gəldi. Paşinyan ordumuzun həqiqi vəziyyətini təhlil etmədi, düşmənin əsl imkanlarını nəzərə almadı. Türkiyə və Yaxın Şərq ölkələrindən gətirilən muzdlu əsgərlərin faktlarını nəzərə almadı. O, Qərbin yenidən "dərin narahatlıq göstərməyə" üstünlük verəcəyini, Bakı və Ankaraya qarşı sanksiyalar tətbiq etməyə cəsarət etməyəcəyini anlamadı. Hansı ki, bizdən əvvəl təkcə Gürcüstanın deyil, Ukraynanın da nümunəsi ortada idi. Bu münaqişələrdə də Qərb qorxaqlıq nümayiş etdirdi və Putinin Rusiyası ilə birbaşa hərbi qarşıdurmaya cəsarət etmədi. Bəli, o zaman işğalçı dövlətə - Rusiyaya qarşı sanksiyalar tətbiq edilirdi. Və bu ibrətamiz hadisələrdən Nikol dərs götürməli idi, bəzi məqamları incələməli idi. Ancaq çifayda. Beləliklə Paşinyan Rusiyanın Cənubi Qafqazdakı ən əhəmiyyətli strateji müttəfiqinə hər an xəyanət etməyə hazır olduğunu nəzərə almadı. Nəticədə Putin, Əliyev və Ərdoğan arasında pərdəarxası razılıq əldə olundu. Bizim hesabımıza. Nüvə silahına sahib olan Pakistanın dəstəyi ilə Türkiyə-Azərbaycan tandeminin təcavüzünə müqavimət göstərən beş mindən çox canını qurban verən qəhrəmanımızın hesabına. Bu xəyanəti heç kim heç vaxt unutmayacaq. Üstəlik, sonradan Kremli məmnun etmək üçün bizim maraqlarımıza xəyanət etməyə hazır olduğunu göstərən bir çox başqa faktlar da ortaya çıxdı. Əslində, üçtərəfli bəyanata zidd olaraq erməni hərbi əsirlərin mühakimə olunması faktı buna əyani sübutdur. Üstəlik, azərbaycanlı işğalçılar uzun müddətdir ki, təkcə “Artsax”ın deyil, Ermənistanın ərazisinin içərilərinə doğru irəliləyirlər. Qarşılığında biz nə görürük? KTMT və Rusiya tərəfindən biabırçı iqtidarsızlıq və qorxaqlıq. Bu baxımdan Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin mühafizəsini öz üzərinə götürməsi də yaxşı xəbər ola bilməz. Artıq Tavuş bölgəsindəki Voskepar kəndi yaxınlığında məskunlaşıblar. Daha əvvəl eyni məqsədlə Syunik bölgəsində ruslar meydana çıxdı. Digər tərəfdən, görünən odur ki, Azərbaycan ordusu torpaqlarımızı tərk etmək fikrində deyil. Üstəlik, bir məqamı başa düşmək lazımdır ki, Rusiya heç nəyi Ermənistan naminə etmir. Bir sözlə Kremldə Qərbin necə aktivləşdiyini və fərqli bir mövqe ortaya qoyduğunu görürlər. Bütün bunların nə ilə nəticələnə biləcəyini isə 13 il əvvəl Gürcüstanda baş verən hadisələr göstərdi.
Ramil QULİYEV