BMT Azərbaycan və Ermənistanı iki ölkə sərhədində davam edən qarşıdurmalar fonunda təmkinli olmağa çağırır. Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak deyib:
“Tərəfləri təmkinli olmağa, gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinməyə və ortaya çıxan problemləri dialoq yolu ilə həll etməyə çağırmağa davam edirik”. Maraqlıdır ki, BMT bir tərəfdən ölkələri dialoqa çağırır, digər tərəfdən dialoqu pozan ölkəyə konkret xəbərdarlıq etmir. Bu məsələdə tərəflərin məsuliyyətinin eyniləşdirilməsi nə dərəcədə doğrudur?
“BMT-nin bəyanatından nəticə çıxarmalı olan tərəf biz yox, Ermənistan olmalıdır”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yanaşma kökündən yanlışdır: “Bizim Qarabağ münaqişəsilə bağlı ciddi təcrübəmiz var. 30 il ərzində bu təşkilatların bənzər mövqeyilə rastlaşmışıq. İstər BMT, istərsə də ATƏT və digər təsisatlar tərəflərin məsuliyyətini eyniləşdirən bəyanatlar verməklə öz işlərini bitmiş sayırdılar. Bununla neytrallığı qorumağa çalışırdılar. Ancaq bu mövqe münaqişənin uzadılmasına, konservləşmiş şəkildə qalmasına səbəb oldu. Ermənistan Azərbaycanın 7 rayonunu işğal etdiyi halda, həmin növbətçi bəyanatlarda da tərəflər arasındakı məsuliyyət eniləşdirilirdi. Açıq şəkildə deyilmirdi ki, təcavüzkar Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. BMT kimi təşkilatın əsas qayəsi dünyada sülhü təmin etməkdir. Həmin təşkilat, hətta Ermənistanı təcavüzkar sayan və dərhal Azərbaycan ərazilərini boşaltmağı tələb edən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edə bilmədi. Bu məsələdə də ikili yanaşmanın şahidi olduq. Başqa ölkələrlə bağlı analoji məzmunlu qətnamələr dərhal icra edilir, hətta həmin ərazilərə BMT-nin sülhməramlı kontingenti yeridilir. Biz 30 illik dönəmdə bunu görmədik. Bununla BMT öz nüfuzunu aşağı salmış oldu”.
Partiya sədri xatırlatdı ki, BMT-nin həmin qətnamələrini Azərbaycan öz gücünə icra etdi: “Heç olmasa bundan ciddi nəticə çıxarmaq lazımdır. Hazırda tərəflər arasında razılaşma var. Azərbaycan sülhü təmin etmək üçün öz tərəfindən həmin razılaşmaya tam əməl edir. Ermənistan isə yenə sabotaj yolunu tutub. Üzərinə düşən öhdəliyi yerinə yetirmir. Onun bütün addımları regionda sülhə və təhlükəsizliyə təhdiddir. Belə olan halda, niyə BMT Ermənistanı ünvanlı olaraq konstruktiv mövqe tutmağa çağırmır? Hesab edirəm ki, BMT-nin bəyanatından nəticə çıxarmalı olan tərəf biz yox, Ermənistan olmalıdır”.
Məhəmmədəli QƏRİBLİ