Birləşmiş Ştatlar prezidenti Co Bayden yeni hökumətin formalaşdırılması ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik göndərib. Təbrik məktubunda Bayden bir sıra məqamlara toxunub.
Diqqəti çəkən məqam odur ki, Bayden substantiv danışıqlar mövzusunu gündəmə gətirib: “ABŞ ATƏT-in Minsk Qrupunun himayəsi altında hərtərəfli dinc nizamlanma üzrə danışıqlarda tərəflərə yardım etmək öhdəliyinə sadiqdir. Biz Ermənistanı və Azərbaycanı mümkün qədər tez substantiv danışıqlara başlamağa çağırırıq. ABŞ Azərbaycandakı erməni hərbi əsirlərin azad edilməsinə yardımçı olmaqdan məmnun idi. Biz bundan sonra da bütün hərbi əsirlərin təhlükəsiz şəkildə qayıtmasına çağıracağıq. Ümid edirik ki, Gürcüstanın dəstəyilə bu sahədə əldə etdiyimiz tərəqqi, Minsk Qrupu həmsədrlərinin təşəbbüs göstərdikləri müzakirələrə əlavə olaraq, gələcək regional əməkdaşlıq üçün mühüm əsas olacaq”.
Əvvəla, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası ötən 30 il ərzində özünü doğrultmayaraq fiaskoya uğradı. Müharibədən sonra Minsk Qrupunun əvvəlki vasitəçiliyinə ehtiyac qalmayıb. İkincisi, Azərbaycan 10 noyabrdan sonra bütün hərbi əsirləri təhvil verib. Mühakimə olunan diversantlardır ki, onlar da 10 noyabrdan sonra zərərsizləşdirilib. Ən nəhayət, niyə müharibədən əvvəl ABŞ rəsmiləri substantiv danışıqlarla bağlı israr etmədikləri halda, münaqişə bitəndən sonra bu məsələ onların yadına düşüb? Nə baş verir?
“Substantiv danışıq, status-kvo, Dağlıq Qarabağ terminləri Azərbaycan üçün artıq arxivlərə atılıb”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, ABŞ müharibədən sonra yaranan yeni reallıqları qəbul etmək istəmir: “Məsələnin əsəs mahiyyəti ondan ibarətdir ki, bir çox dövlətlər 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları bilərəkdən qəbul etmək istəmirlər. Məlum olduğu kimi, müharibədən sonra Azərbaycan, Türkiyə və Rusiyanın demək olar bütün siyasi dairələri bəyan etdilər: “Bölgədə yeni təhlükəsizlik formatı yaranıb”. Yəni münaqişə bitib, dörd dövlət münaqişədən sonra davamlı sülhün əldə olunması üçün birlikdə çalışacaq. Belə bir vəziyyətdə Minsk Qrupunun digər həmsədr üzvləri ABŞ və Fransa dərin narahatçılıq keçirməyə başladılar. Səbəblərdən biri bu idi ki, bu dövlətlər münaqişə bitdikdən sonra bölgədə geosiyasi maraqlarını təmin edə bilməyəcəklər. İndi bu, açıq şəkildə görsənməyə başlayıb. Hər iki dövlət Ermənistanı bu prosesdə alət etməklə, sönməkdə olan ocağı alovlandırmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək niyyətindədir. Substantiv danışıq, status-kvo, Dağlıq Qarabağ terminləri Azərbaycan üçün artıq arxivlərə atılıb. Bu terminlər müharibədən əvvəl dəbdə ola bilərdi, amma indi onlar yoxdur. İndi bütün diqqətimiz işğaldan azad edilmiş doğma torpağımızda quruculuq işlərinin həyata keçirilməsinə yönəlib. Belə bir vaxtda ABŞ-ın substantiv danışıqları bərpa etməyə çağırması əslində indiki vəziyyətdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına deyil, əksinə, tərəflər arasında etimadın zədələməsinə hesablanmış addımdır. Ermənistan seçkilərdən sonra bir çox məsələləri məhz bu dövlətlərin əli ilə həyata keçirməyə cəhd göstərir. İndiki vəziyyətdə Rusiya ilə ABŞ arasında müəyyən manevrlər etmək imkanlarını sınaqdan keçirir. Baş tutacaqmı? Bunu yaxın zamanlarda siyasi proseslərin inkişaf xəttinə uyğun olaraq müşahidə edəcəyik”.
Sədr müavini bir daha qeyd etdi ki, hazırkı şəraitdə substantiv danışıqlardan danışmaq yersizdir.
Vidadi ORDAHALLI