Qarabağdakı erməni separatçısı Araik Arutyunyan avqustun 4-də Ağdərə sakinləri ilə görüşdə bəyan edib ki, rusiyalı sülhməramlıların Qarabağda iştirakı müvəqqəti yox, daimi xarakter daşımalıdır:
“Bölgə elədir ki, biz müstəqil olaraq sülhü və təhlükəsizliyi təmin etmək gücündə deyilik. Rusiya ordusunun işirakı müvəqqəti yox, daimi olmalıdır. Əgər Rusiya ordusu bölgəyə gəlməsəydi, o zaman taleyimiz başqa cür olardı”. Arutyunyan xəyanət məsələsinə də toxunub. Bu məsələ 2020-ci ilin payızında Qarabağdakı müharibənin gedişində və ondan sonra fəal müzakirə mövzusu olub. Separatçı bu ittihamı “səfehlik” adlandırıb. Onun sözlərinə görə, heç bir xəyanətdən və satqınlıqdan söhbət gedə bilməz, sadəcə, “biz məhdud imkanlarla döyüşmüşük”.
Göründüyü kimi, ümidləri hər yerdən üzülən hərbi canilər indi də mövcudluqlarını rus sülhməramlılarına görə qorumağa çalışırlar. Sülhməramlı kontingentin bölgədə hansı müddətə qalmasını kim həll edir?
Politoloq Elşən Mustafayaev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, ermənilərlə yanaşı, həm də rusların ürəyindən keçir: “Ermənilər ümid edirlər ki, sülhməramlılar heç vaxt Qarabağın dağlıq ərazilərini tərk etməyəcək. Onlara elə gəlir ki, bu, ermənilərin Xankəndi və ətraf ərazilərdə yaşaması üçün yeganə qarantdır. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da belə düşünür. O, hətta daha da irəli gedərək, Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra tərk etməyəcəyini deyib. İrəvanda keçirdiyi mətbuat konfransında o bildirib ki, Rusiya hərbçiləri Qarabağı tərk etsə, orada bir erməni də qalmaz. Sitat: “Nəyə görəsə insanların 95 faizi əmindir ki, 5 il sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. Amma bu belə deyil. Müqavilədə hər şey yazılıb. Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər”. Əslində isə müqavilədə aydın yazılıb ki, 5 il sonra Azərbaycan razı olmasa, sülhməramlılar çıxıb getməlidir. Sözsüz ki, Rusiyanın da könlündən Qarabağda uzunmüddətli qalmaq keçir. Məlum məsələdir ki, onlar 5 illiyə gəlməyiblər. O baxımdan müqavilənin bitməsinə 6 ay qalmış bölgədə süni gərginlik və təxribat yaradılmasıyla ömürlərini uzatmağa çalışacaqlar. Sadəcə, 2025-ci ildə vəziyyətin necə olacağını, Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsini gözləmək lazım gələcək. Regionda sabitlik olsa, Zəngəzur dəhlizi açılsa, Rusiyanın özünün də iqtisadi cəhətdən nəqliyyat-kommunikasiyaların açılmasından mənfəəti olsa, ermənilərin arzusu gözündə qalacaq. O başqa məsələdir ki, sülhməramlıların gedişindən sonra ermənilər Azərbaycanın qanunları ilə yaşamaq istəyəcəklər, yoxsa gedəcəklər. Çünki Araik Arutunyanın və onun silahlı dəstələrinin hələ də ərazilərdən çıxmamasının arxasında məhz ruslara olan güvən dayanır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 27-də ümid etdiyini bildirib ki, rusiyalı sülhməramlılar Qarabağda mümkün qədər çox qalacaqlar və qeyd edib ki, onların münaqişə bölgəsində iştirakı sabitlik deməkdir. Hesab edirəm ki, sülhməramlıların bölgədə qalmağı yalnız ermənilərin arzusu və ya rusların istəyilə həyata keçmir. Burada əsas söz sahibi Azərbaycan dövlətidir”.
Məhəmmədəli QƏRİBLİ