Fransa prezidenti Emmanuel Makronun Ermənistan baş naziri Nikol Paşinyanla telefon söhbəti olub. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Makron Paşinyanı baş nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin gərgin olduğunu bildirib və fürsətdən istifadə edərək Bakını ittiham edib.
İddia edib ki, guya Azərbaycan regionda sabitliyi pozmaq istəyir. O, həmçinin, Azərbaycanda erməni əsirlərə qarşı “saxta” məhkəmə proseslərindən şikayət edib. Daha sonra məlumatda deyilir: “Makron Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının və delimitasiyasının həddindən artıq zəruri olduğunu vurğulayıb. Bu fikirlə razılaşan Ermənistan baş naziri qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli heç bir şəkildə bir-biri ilə kəsişən proseslər deyil. O, sərhəd boyunca KTMT müşahidəçilər missiyasının yerləşdirilməsi və bu mümkün olmadığı təqdirdə alternativ kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşahidə missiyasının yaradılması təklifini təkrar edib”.
Daha sonra telefon danışığında Paşinyan qeyd edib ki, regional təşəbbüslər ATƏT-in Minsk Qrupunun həmsədri olan bütün ölkələr tərəfindən təsdiq edildiyi təqdirdə uğurlu ola bilər. Bu nə deməkdir? Bu o deməkdir ki, kommunikasiyaların açılmasını, sərhədlərin demarkasiyasını bütün həmsədrlər dəstəkləmir?
“Baş verənlər Paşinyan üçün arzuolunmaz bir ssenariyə gətirib çıxara bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa prezidenti arasında telefon danışığı iki ölkə arasında mövcud əlaqələrin inkişafına xidmət etsə də, bu, regiona mənfi təsirlərə gətirib çıxaracaq. Çünki Fransa çalışır ki, Ermənistan mövcud razılaşmalara əməl etməsin və böhran dərinləşsin. Təbii ki, baş verənlər ilk növbədə Fransanın regiona daxil olmasına və Türkiyənin fəaliyyətinə imkan verməməyə hesablanıb. Ancaq nəzərə almaq lazımdır ki, bu kimi siyasət Ermənistanın əleyhinə yönəlir. Çünki Ermənistan növbəti dəfə blokadada qalacaq və bu, Paşinyanın vəd etdiyi islahatlar paketinin reallaşmasına imkan verməyəcək. Ona görə də Paşinyan yaxşı bilir ki, üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün Fransa, ABŞ və Rusiya dəstək olmalı, nəticədə Ermənistan blokadadan çıxmalıdır. Fransa isə bunda maraqli deyil və Ermənistanı böhranı davam etdirməyə sövq edir. Düşünürəm ki, N.Paşinyana mane olan Minsk Qrupu ilk növbədə regionda sülhü və əməkdaşlığı təşviq etməlidir. N.Paşinyan da burada maraqlı görünür. Amma baş verənlər N.Paşinyan üçün arzuolunmaz bir ssenariyə gətirib çıxara bilər”.
Bu baxımdan politoloq hesab edir ki, qarşıda çətin və mürəkkəb mərhələ var.
Vidadi ORDAHALLI