Türkiyədə yanğın terrorçularının izləri Qarabağa da gəlib çıxdı, ABŞ və Fransa erməni fondlarının pulu…

Bədrəddin Quliyev: “Sərhədlərimizin dəqiqləşdirilməsi və antiterror əməliyyatlarını gücləndirməliyik ki, bu cür terror ünsürləri yenidən bölgəni təhdidə çevirməsin”

img

Türkiyənin müxtəlif bölgələrini əhatə edən meşə yanğınlarını kimlərin törətdiyi məlum olub. Ötən gün qardaş ölkə mətbuatında yer alan xəbərlərə əsasən, Türkiyəyə külli miqdarda ziyan vuran hadisəni PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu törədib. Adıçəkilən radikal təşkilat sosial media vasitəsilə meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürüb

1978-ci ildə yaradılan PKK, Türkiyə də daxil olmaqla, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən terrorçu qrup olaraq tanınır. Təşkilat 1984-cü ildən bəri Türkiyəyə və bu ölkənin vətəndaşlarına qarşı şiddətli hücumlar həyata keçirib, bu müddət ərzində minlərlə insan terror hücumlarının qurbanı olub.

PKK intihar bombaları, ölümcül pusqular və dinc əhaliyə qarşı törədilən qırğınlarla yanaşı, keçmişdə çoxlu meşə yanğınları da törədərək ekoloji terror həyata keçirib.

PKK-ya birbaşa bağlı olan “Atəşin uşaqları” Türkiyənin qərb bölgələrində intiqam almaq niyyətilə ətraf mühitə ziyan vurduqlarını söyləyir, "azad muxtar Kürdüstan" yaradılana qədər digər yaşıllıqları və əraziləri yandırmağa davam edəcəklərini deyirlər.

“Atəşin uşaqları” təşkilatı PKK-nın nəzdində yaransa da, həmişə “PKK-ya bağlı deyilik” mesajını verib. Əslində bununla iz itirmək, PKK ilə əlaqələri gizli saxlamaq istəkləri heç kimə sirr deyil.

“Atəşin uşaqları”nın ermənilərlə də əlaqəsi mövcuddur. 2019 və 2020-ci illərdə terror təşkilatını maliyyələşdirənlər arasında Amerika və Fransadakı erməni fondları xüsusi fəallıq göstərib. Araşdırmalar nəticəsində qrupun təlimlərinin ASALA kamplarında keçirilməsi ilə bağlı müxtəlif faktlar üzə çıxıb. Ermənilərlə əlbir olan terrorçular 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak edib. Təşkilatın maliyyə işlərindən məsul şəxslər də məhz ermənilərdir. Onlar indiyədək müxtəlif terror aktlarının təşkilində iştirak ediblər.

Türkiyədəki terror aktlarının ermənilərlə əlaqəli olması versiyasını “Bakı-Xəbər”ə şərh edən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin sözlərinə görə,  Türkiyədəki meşə yanğınları ilə bağlı məsuliyyəti PKK-nın bir qolunun öz üzərinə götürməsi heç də o anlama gəlmir ki, bunun arxasında başqa qüvvələr də durmur: “Türkiyəyə qarşı atılan addım təsadüfi deyil. Fikir verin, Türkiyənin ən gəlirli sahələrindən olan turizmin olduğu bölgələr hədəf seçilib. Mən burada PKK və erməni tandeminin fəaliyyətini görürəm. Daima bunlar birlikdə fəaliyyət göstəriblər. PKK-nın ən böyük terror düşərgəsi məhz Qarabağda olub. ASALA ilə birlikdə onlar bir  çox terror hərəkətlərini birgə həyata keçiriblər. Bizim özümüz də işğal zamanında Qarabağ və ətraf rayonlarda meşə yanğınlarının həyata keçirildiyinin şahidi olmuşuq. Bizim ekologiyamıza, flora və faunamıza ciddi ziyanlar vurublar. Eyni dəsti-xətti biz hazırda Türkiyədə görürük. Dünyanın müxtəlif ölkələrində olan erməni diaspor təşkilatları bu cür fəaliyyəti daima maliyyələşdirir.  PKK daha çox xaricdən aldığı sifarişləri icra edir. Bu baxımdan da, erməni izi açıq görünür. Bütün bu proseslərdən ciddi nəticə çıxarmaq lazımdır. Türkiyə daha sərt addımlar atmalıdır. Biz bu zərbənin həm də Azərbaycana vurulduğu qənaətindəyik. Bütün gücümüzü səfərbər edib, birgə mübarizə aparmalıyıq. Erməni-PKK  birliyi ilə mübarizəni daim diqqətdə saxlamalyıq. Çünki onların məqəsədləri üst-üstə düşür. Bu bizə qarşı olan qüvvələrin ilkin addımlarıdır. Bundan sonra başqa addımların da şahidi ola bilərik. Çünki bölgədə Azərbaycanın və Türkiyənin güclənməsi yeni reallıqlar yaradır. Bu da onları narahat edir. Xüsusilə də sərhədlərimizin dəqiqləşdirilməsi və antiterror əməliyyatlarını gücləndirməliyik ki, bu cür terror ünsürləri yenidən bölgəni təhdidə çevirməsin. Qardaş Türkiyəyə uğurlar arzulayırıq. Dünyanın buna olan laqeyd münasibəti də göz qabağındadır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər