Rusiya MN "Dağlıq Qarabağ adlı yer yoxdur" reallığı ilə barışmır - Xocavənd haradadır…

Rusiya Müdafiə Nazirliyinin internet saytında xəbərlər 4 dildə - rus dili ilə yanaşı, fransız, ingilis və ispan dillərində təqdim olunur. Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən sülhməramlı adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingenti növbəti dəfə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.
Bu dəfə sözügedən hərbi kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölməsində Yuxarı Qarabağ, konkret olaraq Xocavənd rayonu ərazisi “Dağlıq Qarabağ” kimi təqdim edilib. Məlumatda deyilir: “Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Dağlıq Qarabağdakı Amaras monastır kompleksini ziyarət edən 1000-dən çox zəvvarın və yerli sakinlərin təhlükəsizliyini təmin edibl”.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bütün xarici dövlət və təşkilatlara Azərbaycan Respublikası daxilində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi olmadığını xatırlatmasına zidd olaraq, Rusiyanın sözügedən dövlət qurumunun rəsmi saytının məlumatında “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Bunu Ermənistanın xeyrinə olan beynəlxalq təbliğat kimi qəbul edə bilərikmi?
Hərbi siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Dağlıq Qarabağ” inzibati bölgüsü keçmiş SSRİ-dən qalıb: “Bunu çoğrafi ərazi kimi leksikona da daxil ediblər. Münaqişənin gələcək perspektivləri üçün açıq yer qoyulmuşdu. 44 günlük müharibədən sonra həmin ərazi vahidi ümumiyyətlə ləğv edilib. Çox yaxşı ki, belə olub. Mən təklif edirəm, bizim media və siyasilər də “Dağlıq Qarabağ” ifadəsini işlətməsinlər. Qarabağ ərazisi var və o da bütünlüklə Azərbaycanın tərkibinə aiddir. Rusiya Müdafiə Nazirliyinin bu məsələni keçmiş qaydada təqdim etməsi SSRİ-dən qalan ideologiyanın bir növ uzantısıdır. Mən bunu növbəti təxribat kimi dəyərləndirirəm. Hazırda Qarabağla bağlı bütün parametrlər aydındır. Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli qaydada razılıq sənədinə imza atıblar. Həmin sənəddə də Qarabağ Azərbaycanın ərazi vahidi kimi tanınıb. Rusiyanın bütün bunlardan sonra analoji təqdimatla çıxış etməsi közərən ocağı alışdırmaqdır. Bütün bunlara Azərbaycanın sərt reaksiyası olmalıdır. Biz belə məsələləri özbaşına buraxsaq, onların ayağı daha da yer alacaq. Rusiya bununla Qarabağda qalan revanşistlərin tör-töküntülərinə motivasiya vermiş olur. Bu, münaqişənin daha da uzanmasına şərait yaratmaqdır. XİN səviyyəsində buna ciddi etiraz olunmalıdır. Yaxşı olar ki, Rusiya öz sülhməramlı missiyası ilə məşğul olsun. Bu missiyanın fəaliyyətinə siyasi yönümlü təxribatlara rəvac vermək daxil deyil. Azərbaycanın yeni iqtisadi rayonları müəyyənləşib. Yaxşı olardı ki, həmin siyahı Rusiya sülhməramlılarına da ötürülsün. Bundan sonra ərazi vahidlərinin adını düz çəksinlər”.
Məhəmmədəli QƏRİBLİ