Azərbaycanda Jirinovskiyə sərt reaksiyanın ciddi əsasları var…

Abutalıb Səmədov: “İsgəndər“ raketləri ilə bağlı bizə qaneedici cavab verməyən Rusiya bu məsələdə izah verməyə məhkumdur”

img

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan dövlətçiliyi və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirlərlə bağlı ciddi narahatlıq və etiraz bildirilib. 1 avqust 2021-ci il tarixində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirlərlə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının, qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb. Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Bu hadisə ilə bağlı sosial şəbəkələrdə aktiv müzakirələr aparılır. Əksəriyyət hesab edir ki, Jirinovskinin davranışlarına görə Azərbaycanın Rusiyaya nota təqdim etməsinin ciddi əsasları olub. Bunun əksini düşünənlər isə hesab edir ki, Rusiya hökumətində təmsil olunmayan və daima sərsəm fikirləri ilə gündəmə gələn qeyri-ciddi bir siyasətçinin  populist fikirlərinə görə Rusiya kimi ölkə ilə münasibətləri gərginləşdirməyə dəyməzdi. Bu məsələdə hansı tərəf haqlıdır?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nota çox düzgün verilib: “Biz nəzərə almalıyıq ki, dünyanın təlxək kimi qəbul etdiyi bu adam Rusiyanın müstəqillik tarixində daim parlamentdə təmsil olunan fraksiyanın rəhbəridir. Çox təəssüf ki, Rusiyada nüfuzlu siyasətçilərdən sayılır. Burada bizim qəbul etmədiyimiz əsas məqam nədir? Bir dövlət kimi Azərbaycana qarşı həqarət var. Açıqca deyir ki, Cənubi Qafqaz onların təsir zonasıdır. Bunu qəbul etmək lazımdır ki, Rusiya bu mövqeyindən heç vaxt geri çəkilməyib. Bəzən bizdə bu fikirləri işlədənlərə qarşı qarayaxmalar olur. İndi biz nə edək ki, Rusiya hələ də imperiya maraqlarından əl çəkməyib. Jurinovski bizimlə bağlı çox təhqiredici fikirlər işlədib. Onun bu davranışlarına qarşı gec-tez qəti mövqe ortaya qoyulmalıydı. Biz bunu etməyin zamanını bugünə saldıq. Çünki Azərbaycan hazırda müstəqillik dönəminin ən güclü günlərini yaşayır. Bizim Türkiyə kimi sədaqətli müttəfiqimiz var. Müxalifət hesab edirsə ki, buna ehtiyac yoxdur, yanılır. Onlar  hər bir məsələyə tənqidi aspektdən yanaşmağa çalışırlar. Əllərinə düşən hər xırda imkandan da istifadə edirlər ki, hakimiyyəti tənqid etsinlər. Hesab edirəm ki, Rusiyaya nota zamanında və düzgün verilib.  Ümid edirəm ki, “İsgəndər “ raketləri ilə bağlı bizə qaneedici cavab verməyən Rusiya bu məsələdə izah verməyə məhkumdur. Bunu etməsə, Azərbaycanın Rusiyaya qarşı münasibətinin pisləşməsinə stimul verəcək. Rusiya bütün ətrafını özünə düşmənə çevirib. Bu vəziyyətdən, gec də olsa, nəticə çıxramalıdırlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər