Jirinovskinin "bir ocaqda yeyib iki qapıda..." - Aydın QULİYEV yazır…

img

Azərbaycanın müstəqil dövlətçiliyi barədə Jirinovskinin bəyanatı SSRİ dağılandan daim müxtəlif formalarda onun təkrar etdiyi və heç bir real nəticəsi olmayan klassik tavtalogiya nümunəsi olduğu üçün təəccüb doğurmadı. O belədir və həmişə belə danışır, siyasi bəyanatlarında adi təlxək davranışı nümayiş etdirsə də, həmişə danışdırılır. Bu mənada təəccüblü görünən onun niyə məhz indi danışması və danışdırılmasıdır. Nə baş verib ki?

Azərbaycan Prezidenti Putinlə uğurlu görüşdən təzə qayıdıb, ortada anlaşılmaz bir şey yoxdur, Ermənistan bölgədə sülhün yaranmasına heç cür imkan vermir, Azərbaycan isə 10 noyabr razılaşmasının tam icrası üçün əlindən gələni edir, həm də Azərbaycan Rusiya ilə yaxşı münasibətlər kursunu davam etdirməklə bərabər çoxistiqamətli beynəlxalq inteqrasiyanı da səylə aparır. Bax, Jirinovskinin formaca qıcıqlanma kimi görünən "son partlamasında" iki əsas motiv görünür.

1. Müharibədən qalib çıxmış Azərbaycanın çoxistiqamətli xarici siyasəti daha inamla davam etdirməsi Jirinovskini danışdıranların xoşuna gəlmir və elə buna görə də "Rusiya bütün çarın və SSRİ-nin torpaqlarını qaytarmalıdır" kimi müstəqil dövlətlərə qarşı xəstəlik həddinə çatmış isterik antipatiyasını ortaya qoyur. İndi onun ifasında bu bəyanat təsadüfə oxşamır.  Az əvvəl Bayden və Conson Rusiyanı hədələyən Xartiya imzalayır, ondan dərhal sonra Putin yeni Milli Təhlükəsizlik strategiyası imzalayır, açıq deyir ki, biz də Baydenlə Consonun acığına MDB ölkələri, Hindistan və Çinlə münasibətləri daha da sıxlaşdıracaq, Qərbin postsovet məkanında inqilabi dəyişikliklər siyasətinə aman verməyəcəyik. Məhz bu anda Jirinovski meydana çıxaraq Azərbaycan dövlətçiliyinə və Qalib Prezidentə siyasətçiyə yaraşmayan tərzdə aşağılayıcı hədyanlar söyləyir. Demək, onu danışdıran müharibədən sonra Azərbaycan  prezidentinin daha möhkəm müstəqillik siyasəti aparmasından qıcıqlanan Kreml rəsmiləridir. Həm də tək onlar deyil...

2. Maraqlıdır ki, həmişə adətən bəzi Kreml dirijorlarının çubuğuna yürüyən Jirinovski bu dəfə həm də erməni lobbisinin tapşırığı ilə danışaraq artıq ikinci "xozeynin" qabağında poza verən qoca sərsəm görkəminə düşür. Siyasətdə yaşlandıqca müdrikləşənlərdən fərqli olaraq Jirinovskinin miskin duruma düşdüyünün əlamətləri göz önündədir. Azərbaycan Prezidentinin erməniləri bütün mövqelərdə çarəsiz durumda, arqumentsiz buraxması Jirinovskinin də xoşuna gəlmədi. Beləliklə, Jirinovski Azərbaycan dövlətçiliyi və Prezident haqqında dediyi sözlərlə "bir ocaqda yeyib azı iki qapıda hürüyən" qeyri-siyasi subyekt halına gəlmiş olur. Onun bu vəziyyətdə dediklərinin kökləri və nəticəsizliyi bizlərə sirr deyil. Onu danışdıran ermənilərin də heç nə əldə etməyəcəklərini bilirik. Sirr hələlik odur ki, onu danışdıran Kremlli sahibləri nə qazandı?...

Aydın QULİYEV

Son xəbərlər