Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilir - avqustun 2-də İntizam komissiyası, 3-də Milli Məclis toplanır...

img

Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Məclisdən məlumat verilib.

S.Qafarova deputatların tələbini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı da məlum olub. Komissiyanın toplantısı avqustun 2-də keçiriləcək. İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.

İntizam komissiyası təqdimata baxaraq deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında deputat E.Səlimovla bağlı məsələyə baxılacaq.

 

Son xəbərlər