Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
"Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - deyə nazirlikdən bildirilib.
Ermənistanın Müdafiə Nazirliyi də Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə xəbər yayıb və qeyd edib ki, erməni tərəfindən üç hərbçi ölüb, iki nəfər yaralanıb.
Son günlər Ermənistan tərəfinin dövlət sərhəddində atəşkəsi mütəmadi pozması Qarabağla bağlı əldə olunan razılaşmanın taleyini sual altına ala bilərmi? Ümumiyyətlə, vəziyyət belə davam edərsə, müharibənin arealının daha da genişlənməsi mümkündürmü?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, münaqişənin həlli ilə bağlı razılaşma var: “Bilirsiniz ki, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları 10 noyabr 2020-ci ildə imzalanan birgə Bəyanatdan sonra dayandırıldı. Bunun səbəblərindən biri də Ermənistanın öz üzərinə mühüm öhdəliklər götürməsiydi. Bununla yanaşı vasitəçi tərəf kimi Rusiya da öz üzərinə mühüm öhdəliklər götürüb. Ermənistan münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliklərə nəinki əməl edir, hətta yeni müharibə ocaqları alovlandırır. Onlar bizim ərazimizdən öz silahlı birləşmələrini də çıxarmayıblar. Bununla yanaşı, Azərabyacn ordusunun dövlət sərhəddində olan bölmələri davamlı olaraq: Zəngilan, Naxçıvan, Kəlbəcər istiqamətindən atəşə tutulur. Bu onu deməyə əsas verir ki, Ermənistan nəinki 10 noyabr, ümumiyyətlə ondan sonra da əldə olunan razılaşmaların heç birini nəzərə almır. Vasitəçi tərəf olan Putinin də imzasına hörmətsizlik nümayiş etdirirlər. Putin bizim Prezidentə səbr göstərdiyinə görə təşəkkür də bildirdi. Ancaq bu səbrin də bir həddi var. Azərbaycan qısa bir zamanda Ermənistanın bu azğınlığının qarşısını almaq üçün lazımi cavabları verəcək. Ermənistan və Qarabağdakı separtçıların qalıqları hələ də kompromis yolunu tutmaq istəmir. Azərbaycan dəfələrlə sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir. Ermənistan həmin sənədi imzalamaqdan boyun qaçırmaq üçün belə təxribatlara əl atır. Zəngəzur dəhlizinin açılmasını da yubadır. Eyni zamanda Qarabağdakı ermənilərə status almağa çalışır. Ancaq bütün bunlar Ermənistanı növbəti fəalakətə aparan addımlardı”.
Məhəmmədəli QƏRİBLİ