Artur Vanesyanın başçılıq etdiyi “Şərəfim var” bloku yeni təkliflə çıxış edib. Onlar təklif ediblər ki, yeni fəlaiyyətə başlayacaq parlamentin tərkibində başqa komissiyalarla yanaşı, “Artsax” adlı komissiya da fəaliyyət göstərsin.
Sözügedən blokun lideri Artur Vanesyan öz sosial şəbəkə hesabında isə bunları yazıb: “Hazırda “Artsax” ətrafında ciddi proseslər baş verir və çoxsaylı problemlər mövcuddur. Bura təhlükəsizlik, mədəni-iqtisadi sahələri aid edə bilərik. Bizim blok parlamentin elə ilk iclasında bu təşəbbüslə çıxış etməyi planlayır. Biz bu arqmentimizi əsaslandıran dəlillər də ortaya qoyacayıq”.
Qeyd edək ki, Ermənistanın yeni formalaşan parlamentinin ilk iclası avqustun 8-də baş tutacaq. Artur Vanesyanın “Şərəfim var” bloku parlamentdə 7 deputatla təmsil olunacaq. Belə bir təklifin həyata keçməsi Qarabağla bağlı sülh prosesinə hansı formada təsir göstərə bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan cəmiyyətində Qarabağla bağlı hər zaman bənzər bleflər olub: “Münaqişənin mövcud olduğu müddət ərzində dəfələrlə eşitmişik ki, “Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər”. Xüsusilə də 2016-cı ilin Aprel döyüşlərindən sonra bu məsələ daha da aktuallaşdı. Ancaq Ermənistan hakimiyyəti parlamentdə “Dağlıq Qarabağın müstəqlliyi ilə bağlı” sənədin səsverməyə çıxarılmasına imkan vermədi. Birinci səbəb bu idi - Ermənistan hakimiyyəti anlayırdı ki, əgər Dağlıq Qarabağın “müstəqilliyi” tanıyarsa bu Azərbaycanla danışıqların dayandırılması demək olardı. Rəsmi Bakı Dağlıq Qarabağın “müstəqilliyini” tanıyan İrəvanla danışıqlar aparmayacaqdı. Bu isə müharibəyə aparan yol idi. Bundan əlavə, Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edib bütün dövlətlərin yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verməsini təmin edərdi. Bu, Ermənistanın mövqeyinin zəifləməsinə yol açardı.
Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət divident deyil, problemlər qazandırardı. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın “müstəqilliyini” tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaratmış olardı. Hətta Ermənistanın mövqeyinin ən güclü olduğu vaxta belə, onlar Qarabağla bağlı heç bir qərar qəbul etməyiblər. Hazırda Vanesyanın təklifi də blefdi. Çünki onlar parlament azlığıdır. Çoxluq olan Paşinyanın partiyası revanşist ab-havada deyil. Bu səbəbdən də, belə bir təklifin keçərli olması qətiyyən inandırıcı görünmür. Çünki danışıqlar prosesini poza bilər ki, Paşinyan və onun komandası bunu istəmir”.
Politoloqun sözlərinə görə, hansısa təklifin səslənməsi, onun mütləq qəbul olunacağı anlamına gəlmir: “Ermənistanın qeyri-konstruktivlik etdiyi sahələrə baxın. Dolayısı ilə vaxt uzadırlar, müxtəlif bəhanələr gətirirlər. Bu addımın atılması isə Azərbaycana qarşı dövlət səviyyəsində açıq ərazi iddasının rəsmiləşməsi olar. Başqa bir ölkənin parlamenti niyə qonşu ölkənin ərazisindəki subyektlə bağlı komissiya yaratmalıdır? Bu, beynəlxalq hüquqa da həqarət olar”.
Məhəmmədəli QƏRİBLİ