İctimai rəydə ciddi qəbul olunan erməni ekspertləri Prezident İlham Əliyevin uğurlu Qarabağ siyasəti apardığını etiraf edirlər. Bu baxımdan politoloq Aleksandr İsgəndəryan etirafları diqqət çəkir.
A.İsgəndəryan müharibədə qalib gələn Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi müsbət nəticələrdən məharətlə istifadə etdiyini bildirib: “Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə bitdi. Noyabr ayında savaş sona çatdı. Münaqişə isə davam edir, amma aşağı intensivlikdə”.
Politoloq müharibədə məğlub olan Ermənistana müxtəlif yollarla təzyiq göstərildiyini qeyd edib: “Birincisi, İrəvana artıq Qarabağ münaqişəsinin olmadığını, bunun bitdiyini və münaqişədən sonrakı problemlərin həllinə keçməyin vaxtı çatdığı mesajını verir. Buna görə ona təzyiq göstərir”.
A.İsgəndəryanın fikrincə, ikinci yol, sövdələşmələrin yerinə yetirilməsi üçün “hərbi əsir” məsələsindən istifadə olunmasıdır: “Əliyev Ermənistanın daxili siyasi və müzakirə sahəsində kifayət qədər ciddi oyunçu hesab olunur. Əslində, o, faktiki olaraq həm jurnalistlər arasında, həm də sosial şəbəkələrdə Ermənistan daxilindəki müzakirələri artıq dəyişdirib”.
Görünən odur ki, artıq erməni ekspertlər də Prezident İlham Əliyevin diplomatik uğurunu qəbul edirlər. Bu, qarşı tərəfin Qarabağla bağlı əvvəlki status-kvonun bir daha geri dönməyəcəyini qəbul etmələrindən xəbər verir.
“Bütün bunlar isə ölkə başçısının parlaq diplomatik uğurunun göstəricisidir”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ağlı başında olan ermənilər reallığı dərk etməlidir: “Məsələ ondadır ki, Azərbaycan Ordusu hansısa dövlətin ərazisini işğal etməyib. Ordumuz dövlətimizin ərazi bütövlüyünü bərpa edib. O ərazi bütövlüyü ki, Azərbaycan müstəqillik əldə edəndən sonra BMT-yə üzv oldu. Bütün dünya 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın müstəqilliyini tanıdı. Azərbaycan Ordusu da ölkəmizin Ermənistan tərəfindəbn pozulan ərazi bütövlüyünü bərpa etdi. Təsadüfü deyil ki, 44 günlük müharibə dövründə hansısa dövlət açıq formada Azərbaycana etiraz etməyə cəsarət etmədi. Niyə? Ona görə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Bütün bunları dərk etdiyi üçün A.İsgəndəryan bu qənaətə gəlib. O, Prezident İlham Əliyevin dünya siyasi arenasındakı nüfuzunu, təsir imkanlarını görür. Bütün bunların nəticəsidir ki, Şarl Mişel cənab prezidentlə görüşündə Qarabağın statusundan danışmağa cəsarət etmədi. Bütün bunlarla yanaşı, cənab prezident tarixi Azərbaycan ərazisi olan Zəngəzurla bağlı mövqe ortaya qoydu. Bəyan etdi ki, azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdılar. Həqiqətən də prezidentin Zəngəzurla bağlı səsləndirdiyi fikirlər Ermənistan daxilində müzakirə mövzularını dəyişdi. Çünki həmin fikirlər tarixi həqiqətlərə söykənir. Bütün bunlar isə ölkə başçısının parlaq diplomatik uğurunun göstəricisidir. Ona görə də Dağlıq Qarabağ adında münaqişə tarix olub. Bundan sonra gələcəyə baxmaq lazımdır”.
V,Rəhimzadə hesab edir ki, Ermənistanın Azərbaycanın şərtlləri ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur.
Vidadi ORDAHALLI