Məlum olduğu kimi, ABŞ Konqresindəki erməni lobbisi zaman-zaman Azərbaycana yönəlik fəaliyyətlə məşğul olub. 1992-ci ildə məhz erməni lobbisinin biləvasitə təşəbbüsü ilə Konqresdə Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edən bədnam 907-ci düzəliş qəbul olundu. 2002-ci ildən həmin düzəliş hər il dondurulsa da tam ləğv edilməyib.
Bu arada ABŞ Konqresi Azərbaycana qarşı yeni düzəliş qəbul edə bilər. Belə ki, ermənipərəst konqresmen Frenk Pallone 2022-ci il maliyyə ili üçün xarici ölkələrə ayrılacaq yardımla bağlı HR4373 qanununa düzəlişlər təklif edir. Azərbaycana qarşı yönəlmiş düzəliş ölkəmizə hərbi yardımın azaldılmasını, Ermənistan isə yardımın 3 milyon dollar artırılmasını nəzərdə tutur. Nümayəndələr Palatasında düzəlişlə bağlı səsvermənin iyulun 28-də keçiriləcəyi deyilir. Son zamanlar Qərbin Qarabağla bağlı xoşagəlməz mövqe sərgiləməsinin artması fonunda bu baş verə bilərmi?
“Konqresdə məlum qətnamə qəbul ediləcəksə, bu, Ermənistan-Azərbaycan barışığına zərbə vura bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Azərbaycanın Qarabağ müharibəsindən sonra siyasi vəziyyəti regionda dəyişib. Bu da ermənipərəst qüvvələri çox narahat edir. Bu konteksdə müşahidə edilən bəzi təşəbbüslər Qərbin regionda Azərbaycanla bağlı maraqlarına zərbə vurur. ABŞ Konqresində məlum qətnamə qəbul ediləcəksə, bu, Ermənistan-Azərbaycan barışığına zərbə vura bilər. Həmçinin bu, ABŞ siyasətinin regionda zəifləməsinə gətirib çıxaracaq. Qeyd edim ki, 907-ci düzəliş Azərbaycana nə etdi ki, bundan sonra qəbul ediləcək qətnamələr nəsə edə bilsin. Bu, ermenipərəst qüvvələrin ABŞ siyasətinə təsiri olacaqsa, Vaşinqtonun strateji maraqlarına mənfi təsir edəcək. Ümumiyyətlə, belə bir qətnamənin qəbulunu o qədər də real hesab etmirəm. Fikrimcə, Ağ Ev və Pentaqon bunun qarşısını almalıdır. Həmçinin Azərbaycan ABŞ-la danışıqlar aparmalıdır. Hazırda çalışırlar ki, Azərbaycana təzyiq edilsin. Bu minvalla ölkəmizin qələbədə əldə etdiyi imkanları zəifllətsinlər. Ona görə də bu kimi qətnamələr və yersiz bəyanatların qarşısını almalıyıq. ABŞ bu siyasəti regionda sülhə və təhlükəsizliyə xidmət etmir. Konqresdə bir senatorun qətnaməsi özfəaliyyət kimi qiymətləndirilirsə, demokratiyanın əlaməti kimi xarakterizə olunursa, bu sülhə və iki ölkə arasında siyasi əlaqələrə zərbə vura bilər. Ona görə də ABŞ hakimiyyəti bu kimi məslələrin qarşısını almırsa, demək burada maraqlıdır. Azərbayacana təzyiq və təsir etmək isə, nəticəsiz olacaq”.
Politoloq hesab edir ki, Azərbaycan çox güclü durumdadır.
Vidadi ORDAHALLI