Bir neçə gündür ki, Azərbaycan - Ermənistan sərhəddinin Naxçıvan və Kəlbəcər istiqamətində ermənilərin mütəmadi şəkildə atəşkəsi pozduğunun şahidi oluruq.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində iyulun 26-da gecədən başlayaraq yeni döyüşlərin getdiyi haqda məlumatları əvvəlcə təkzib edib. Daha sonra təsdiqləyib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan ordusunun bölmələri ordumuzun Kəlbəcər istiqamətindəki mövqelərini müxtəlif tipli intensiv atəşə tutur, cavab tədbirləri görülür.
Erməni tərəfinin yaydığı digər məlumatda isə deyilir ki, Kəlbəcər istiqamətində intensiv atışmalara görə Zod qızıl yatağının işçiləri təxliyyə edilib. Yataqda hasilat işləri aparan “GeoProMining Gold” şirkətindən bildiriblər ki, “nizamsız atəş səsləri eşidilir”. Bu səbəbdən şirkət rəhbərliyi əməkdaşlarını təcili təxliyyə etməyə qərar verib, 150 nəfərə yaxın işçi təxliyyə olunub.
Çox maraqlıdır, atəş səsləri niyə məhz Rusiya sülhməramlılarının xidmət keçdiyi ərazilərdə deyil, məhz dövlət sərhəddində eşidilir? Bununla Rusiya hansı mesajı vermək istəyir?
Daşdəmir Əliyev: “Moskva Azərbaycanı və Ermənistanı təzyiq altında saxlamaq niyyətini güdür”
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada Rusiyanın barmağının olduğu aydın görünür: “Atəşkəsin ermənilər tərəfindən pozulması faktdır. Deməli, Rusiya onlara Qarabağda deyil, sərhəddə atəşkəsi pozmaq icazəsini verib. 44 günlük müharibədən sonra Rusiya öz sülhəmramlı missiyası ilə bölgəyə gəldi. Ancaq bu müddət ərzində biz görürük ki, onlar öz missiyalarını layiqincə yerinə yetirmirlər. Çünki 10 noyabr razılaşmasındakı müddəlara zidd məqamlar hələ də qalır. 10 noyabr bəyanatının bir sıra vacib müddəalarının hələ də icra olunmamasına diqqət etmək lazımdır. Həmin sənəddə erməni silahlı birləşmələrinin Qarabağı tərk etməsi barədə müddəa var. Ümumiyyətlə, Azərbaycan ərazilərdində işğalçı qoşunların qalmaqda davam etməsi bəyanatın ruhu ilə tərs mütənasibdir.
10 noyabr razılaşması müharibənin dayandırılmasını, bölgədə humanitar vəziyyətin nizamlanmasını, qarşılıqlı olaraq kommunikasiyaların açılmasını, regional layihələrin canlandırılmasını, köçkünlərin öz yurdlarına qaytarılmasını ehtiva edir. Sülhəmarmlılar bunu təmin etmir. Hərbi ekalasiyanı sərhəddə keçirməkdə Rusiyanın marağı var. Bununla demək istəyir ki, görürüsünüz, biz olmasaq sülh mümkün deyil. Öz vacibliyini sərhəddə də göstərmək istəyir. Yəni tərəfləri dilemma qarşısında qoyur. Ya Qarabağda yaranan sakitliyi seçmək, ya da sərhəddəki daimi lokal müharibəni. Bununla Rusiya həm də Azərbaycanla Ermənistan arasında birbaşa müzakirələrə imkan verməmək, hər iki tərəfi daimi olaraq Moskvanın vasitəçiliyindən asılı buraxmaq, Azərbaycanı və Ermənistanı təzyiq altında saxlamaq niyyətini güdür. Ermənistan buna razılıq verə bilər. Çünki onun bütün sərhədlərini rus sərhədçilər qoruyur. Bizi belə vəziyyət qane etmir”.
Məhəmmədəli QƏRİBLİ