İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə deyib ki, Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli əməkdaşlıq platforması yaradılır.
S.Qafarova bildirib ki, bu format çərçivəsində görüşlər keçiriləcək və bu formatın getdikcə daha səmərəli platformaya çevrilməsi ölkələrimiz arasında əlaqələri möhkəmləndirəcək.
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qələbəsi Pakistanda da böyük sevinclə qarşılandı. Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağının da Azərbaycanda dalğalanması bizi çox sevindirirdi. Bu barədə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər üçtərəfli görüşdə deyib.
Ə.Qeysər bildrib ki, bu qələbəyə Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlığı, Azərbaycan xalqının birliyi nəticəsində nail olundu: “Bu yolda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.
O bildiri ki, mədəni, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlığımızı genişləndirməliyik. Ə.Qeysər bildirib ki, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtəfərli əməkdaşlıq formatının yaradılması qardaş ölkələr arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək: “Qeyd olunduğu kimi, bu platforma çərçivəsində müntəzəm görüşlər keçiriləcək və qarşıda duran əsas məsələlər müzakirə olunacaq”.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə bildirib ki, bu gün görüşün burada keçirilməsi çox sevindiricidir: “İnanıram ki, bu formatda görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq”.
O qeyd edib ki, burada Bakı bəyannaməsi imzalanacaq: "Bu, bölgəmizin təhlükəsizliyi və əminamanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu sənəd mühüm rol oynayır".
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb. Bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.