ABŞ-ın Qafqazda fəallaşması yenidən Rusiyada ciddi narazılıqla qarşılanır. Hətta Rusiyada belə fikirlər səslənir ki, Vaşinqton Qafqazda yeni Moskva-Tiflis qarşıdurması yaratmaq istəyir. Rusiyanı bu dəfə də hiddətləndirən əsas məsələ iyulun 26-dan Gürcüstanda başlayan “Çevik ruh” (“Agile Spirit 2021”) çoxmillətli hərbi təlimləridir. Avqustun 6-dək davam edəcək hərbi təlimlərə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliyadan 2500-dək hərbi heyət qatılacaq.
Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir. “Çevik ruh” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edən ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.Rus hərbi ekspert Aleksandr Xrolenko hesab edir ki, ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir: “Gürcüstan Müdafiə Qüvvələri ilə ABŞ ordusunun Avropa və Afrikadakı “Çevik ruh” birgə təlimləri 26 iyul - 6 avqust tarixlərində beş təlim nöqtəsində - poliqonda və Vaziani hava limanında, Senaki aviabazasında, Orfololo və Sorta təlim meydançalarında baş tutacaq. Artıq ABŞ ordusunun zirehli avtomobilləri hava və dəniz yolu ilə Gürcüstana çatdırılıb ki, bu da faktiki olaraq manevrlərin "benefisiarı" sayılır. “Çevik ruh”un deklarativ məqsədi – 15 iştirakçı ölkənin qoşunları arasında "operativ uyğunlaşdırmanı" artırmaqdır ki, bu da heç bir əhəmiyyət kəsb etmir. Çünki ortada uyğunlaşdırılmalı xüsusi bir şey yoxdur. Təlimlərin sayı çox deyil və faktiki olaraq iki tərəf – Amerika və Gürcüstan iştirak edir. 2500 iştirakçıdan 700-ü Amerika, 1600-ü isə Gürcüstan hərbçiləridir. Əgər yerdə qalan 200 "süngü"nü digər iştirakçı ölkələrin sayına bölsək, hər bayrağa cəmi 20 nəfər düşər. Bu cür təmsil olunma, çətin ki, "Tərəfdaşlıqdan keçən güc" devizi altında təşkil olunan çoxmillətli döyüş əməliyyatlarının keyfiyyətini artırsın. Aydın məsələdir ki, təlimlərin əsl məqsədi Amerika hərbi komandanlığı tərəfindən regional əməliyyatlar teatrının öyrənilməsi və Cənubi Qafqazdakı Rusiya Federasiyası və müttəfiqlərinə qarşı yeni təxribatlardır. ABŞ və tərəfdaşlarının növbəti güc nümayişinin yalnız və yalnız Rusiyaya ünvanlandığını anlamaq üçün Qafqazın coğrafi xəritəsinə baxmaq kifayətdir. Amerika ordusu bu komanda heyətləri ilə təmsil olunur: ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatları, 21-ci Müharibə Dəstək Teatrı, 7-ci Ordu, 173-cü Hava-Desant Briqadası, 1-ci Piyada Briqadası, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri, Corciya Milli Qvardiyası və başqaları... Bu komandanlıqların tabeliyindəki bütün qoşunlar qəfildən Gürcüstanda peyda olsalar, hər şey baş verə bilər”. Ekspertin fikrincə, ən nəzərəçarpan epizodlar Gürcüstan, Böyük Britaniya və Polşanın iştirakı ilə hava-desant əməliyyatı və Gürcüstan, ABŞ, Böyük Britaniya, Rumıniya və Polşanın Sorta poliqonunda xüsusi əməliyyat qüvvələrinin bəzi birgə hərəkətləridir: “Qalan iştirakçıların nə işlə məşğul olacağı hələ məlum deyil. Lakin alyans rəsmi olaraq Rusiyanı 2030-cu ilədək əsas hərbi təhlükə hesab edir və "varyaqlar"ın Gürcüstanda olması üçün konseptual və taktiki əsas budur. “Çevik ruh” manevrləri dinc əhalisinin təhlükəsizliyinə birbaşa təhdiddir. Məsələn, estoniyalı tərəfdaşlar təlim zonasında meşələri tez-tez yandırırlar, Ukrayna əsgərləri təsadüfən gürcü kəndlərini atəşə tuta bilərlər, Amerika xüsusi təyinatlıları isə kənd təsərrüfatı müəssisələrinə basqın etməyə alışıblar. Hər şeydən əvvəl isə Gürcüstan zirehli texnika kolonnaları Senaki-Leselidze və Xaşuri-Axalsixe-Vale avtomobil yollarını bağlaya bilər.
“Çevik ruh” təlimləri dinc, Gürcüstanda 2011-ci ildən bəri keçirilir və hazırkı təlimlər sayca onuncudır. ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir. Xarici qoşunlar on illərdir ki, "dəstək bazaları" şəbəkəsi yaratmaq, sabitliyi pozmaq üçün Gürcüstandan istifadə edir və bununla da yalnız Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyin artmasına xidmət edirlər. Vaşinqton inadla Tiflisi Moskva ilə ikinci silahlı qarşıdurmaya itələyir, halbuki 2008-ci ilin avqustunda "Təmiz Sahə" Gürcüstan əməliyyatının nəticələrini hələ heç kim yaddan çıxarmayıb.
Müstəqil Gürcüstanın "NATO kursu" ilə getməyə, yenidən silahlanmağa və "əməliyyat uyğunluğunu "inkişaf etdirməyə daha yüz il haqqı var, ancaq Gürcüstanın nöqteyi-nəzərindən "üsyankar" qonşularının təhlükəsizliyi Rusiyanın iqtisadi və hərbi gücü tərəfindən möhkəmləndirilib. Moskva Tiflis ilə NATO arasında yaxınlaşma təhlükəsi barədə bir neçə dəfə açıq xəbərdarlıq edib və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının qarşılıqlı strateji planlaşdırması heç kimə sirr deyil. Alyansın Gürcüstan dağlarındakı manevrləri bütün iştirakçılar üçün ağır itki və nəticələrə gətirib çıxara bilər. Bir də ki, ümumiyyətlə, hərbiləşdirmə heç vaxt ölkələrin inkişafına və çiçəklənməsinə töhfə verməyib”. Ekspert onu da bildiri ki, 3,9 milyon əhalisi olan kiçik və yoxsul Gürcüstan dünya hərbi güc reytinqində Çad və Zimbabvedən sonra 92-ci yerdədir: “Gürcüstan ordusunun 20 min fəaliyyətdə olan hərbçisi var. Quru qoşunlarında döyüşqabiliyyətli dörd briqada mövcuddur, silahlanmasına 163 tank, təxminən 156 özüyeriyən texnika və yedəkli silah, 50 raket qurğusu var. Üç il ərzində tank və artilleriya sayı əhəmiyyətli dərəcədə azalıb, lakin Gürcüstan müasir və bahalı NATO standartları ilə ayaqlaşaraq hava hücumundan müdafiə sistemini uğurla inkişaf etdirir. Və nədənsə yüzlərlə tank əleyhinə raket alır. Heç kim bu respublikanı təhdid etməsə də, kifayət qədər silahı var (hava məkanına nəzarət obyektləri - Qara dənizin qərb hissəsi və Rusiyanın cənubu daxil olmaqla, qonşu ölkələr – 470 kilometrə qədər radius əhatə edir). Gürcüstan ərazisinin qərbdən şərqə qədər uzunluğu 440 kilometr, şimaldan cənuba isə 200 kilometrə çatmır. İnkişaf etmiş hava hücumundan müdafiə sisteminə yüz milyonlarla lari xərcləməyin heç bir mənası yoxdur, bu yalnız ABŞ və NATO qoşunlarının Qafqazdakı genişmiqyaslı əməliyyatı zamanı yerləşdirilməsi üçün lazım gələ bilər.
Gürcüstan təkcə Amerika istehsalı olan "Javelin" Tank Əleyhinə Raket Kompleksinə 75 milyon dollardan çox vəsait xərcləyib, ancaq belə məlum olub ki, bu da kifayət etmir və silahın yeni partiyasına ehtiyac var. Tiflisin Rusiya sərhədləri yaxınlığında NATO hərbi potensialından hər hansı bir şəkildə istifadə etmək planları təəccüb doğurur. Alyansa üzv ölkələrin keçmiş Yuqoslaviya, Liviya, Əfqanıstan, İraq və Suriyada apardıqları son hərbi əməliyyatların nəticələri yalnız NATO-nun "təcrübə" ölkələrinin regional sabitliyi və milli təhlükəsizliyi ilə uyğunsuzluğundan xəbər verir. Gürcüstanı həqiqi təhdidlər isə yalnız ABŞ və Şimali Atlantika Alyansından gözləyir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə bəyan edib: "Yaxın qonşularımızı, bizə qardaş xalqları "ya Qərb, ya Rusiya Federasiyası" şəklində seçim etməyə məcbur qoyaraq ətrafımızda qeyri-stabillik kəməri yaratmağa çalışırlar".Dağıdıcı düşmənçilik məntiqinin kökündə Qərb tərəfdaşlarının tətbiq etdiyi silahlanma, Gürcüstanın Rusiyadan "qoparılması, Qərblə qarşılıqlı öhdəliklər olmadan hərbi-siyasi "münasibətlər" dayanır – yəni, dalana aparan yol”.
Tahir TAĞIYEV