Laçın dəhlizindən düşməncəsinə istifadə edənlər barədə Prezident Əliyevdən sensasiyalı açıqlama...

Akif Nağı: “Bundan daha çox İran və Rusiya özünə pay götürməlidir”

img

Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?", - dövlət başçısı vurğulayıb.

Göründüyü kimi, Prezident xarici maşınların Ermənistan vasitəsilə Qarabağ ərazisinə keçməsi faktının olduğunu bildirib. Hətta həmin maşınların nömrələri  dəyişdirilərək, erməni nömrələri  taxıldıqdan sonra ərazimizə keçdiyini qeyd edib. Prezidentin bu iradından əsasən hansı ölkələr nəticə çıxarmalıdır?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin məlum fikirlərində bir çox ölkələrə xəbərdarlıq var: “Bunu konkret bir ölkənin üzərinə fokuslamaq olmaz. Hesab edirəm ki, bundan daha çox İran və Rusiya özünə pay götürməlidir. Bu açıqlama ilə Prezident qarşıya qoyduğumuz bütün hədəflərə nail ola biləcəyimizin mesajını verdi. Demək istədi ki, heç bir xarici təsir bizi yolumuzdan döndərə bilməyəcək. Həm də narahatlığını ifadə etdi ki, “Laçın dəhlizi” ndən heç də humanitar məqəsdlər üçün istifadə olunmur. Ən başlıcası isə bunlar Rusiyaya aid olan mesajlardı. Çünki Ermənistan nə edirsə, Rusiyanın diqtəsilə, sülhməramlıların dəstəyi ilə həyata keçirir.  Prezident eyni zamanda Rusiya ilə münasibətlərimizin çox yüksək səviyyədə olduğunu da vurğuladı. Biz də görürük ki, əksər proseslər hər iki tərəfin razılığı ilə həyata keçir. Diqqət çəkən digər məqam maşınların nömrələrini dəyişərək, Qarabağ ərazisinə keçmələridir. Deməli, hansısa  xəyanət var. Qadağan edilən yük daşıdıqları üçün, öz əsl kimliklərini gizlədirlər. Azərbaycan bu istiqamətdə çox israrlıdır. Ümid edək ki, bu xəbərdarlıqdan sonra humanitar məqəsəd üçün istifadə edilən dəhlizdən təyinatından kənar məqəsədlərə görə istifadəyə son qoyulacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər