AB ilə Azərbaycanın hələ razılaşdırılmamış 10 faiz ciddi problemi nələrdir - Prezidentin fikri...

Vüqar Bayramov: “Söhbət kiçik və orta sahibkarlıqla bağlı bəzi məqamlardan gedir”

img

“Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanla Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər - ya sazişlər, ya bəyannamələr qəbul edilib və imzalanıb: “Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu, nə deməkdir? Demək, Avropa İttifaqının üçdəbir hissəsi Azərbaycanı strateji tərəfdaş hesab edir. Yenə də Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm. Amma başqa bir ölkə desin, görsün, belə bir əməkdaşlıq formatı var, ikitərəfli formatda yoxsa yox? O ki qaldı, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə, bütövlükdə, biz indi bildiyiniz kimi, yeni saziş üzərində çalışırıq. Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.

Görünən odur ki, sözügedən məsələ ilə bağlı Avropa İttifaqı ilə bir sıra məsələlər razılaşdırılıb.

Maraqlıdır, razılaşdırılmamış 10 faiz məsələ hansılardır?

  • “Hava nəqliyyatı ilə bağlı bəzi məsələlər razılaşdırılmayıb”

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, burada söhbət bəzi iqtisadi məsələlərdən gedir: “Sazişin imzalanması ilə bağlı müzakirələrin aparılması, layihənin hazırlanması ondan xəbər verir ki, tərəflərin əməkdaşlığın genişləndirilməsi istiqamətində siyasi iradəsi var. Razılaşdırılmayan məqamlar daha çox iqtisadi məsələlərlə bağlıdır. Bəzi iqtisadi məsələlər var ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər. Söhbət kiçik və orta sahibkarlıqla bağlı bəzi məqamlardan gedir. Avropadakı şirkətlərin Azərbaycan iqtisadiyyatında iştirakı məsələləri, onlarla bağlı digər bir sıra məqamlar var ki, bunların razılaşdırılmasına ehtiyac var. Hava nəqliyyatı ilə bağlı bəzi məsələlər razılaşdırılmayıb. Məlumata görə, bununla bağlı tərəflər arasında müzakirələr gedir. O baxımdan siyasi baxımdan razılaşdırılmayan və yaxud da ortaq məxrəcə gəlinməyən məsələlər yoxdur. Sadəcə, bəzi iqtisadi məsələlər var ki, onlarla bağlı müzakirələr gedir. Aİ fermerlərə dövlət tərəfindən subsidiyaların verilməsində maraqlı deyil. Ancaq qarşı tərəf bəzi yerli xüsusiyyətləri nəzərə almalıdır”.

Millət vəkili hesab edir ki, tərəflərin yaxın perspektivdə ortaq məxrəcə gəlmək ehtimalı yüksəkdir.

Vidadi ORDAHALLI

Son xəbərlər