Kəlbəcərdəki Xudavəng monastrında erməni keşişlər niyə də olmalıdır?! - mənasız hay-küy...

Tural İrfan: “Həmin keşişlər kilsə adından istifadə edib, Azərbaycanın daxilində bir anklav yaratmaq istəyirlər”

img

Kəlbəcər ərazisindəki Xudavəng alban kilsəsində məskunlaşmış erməni keşişləri oranı tərk edib. Erməni KİV-ləri xəbər verir ki, bu haqda Xudavəngdəki keşişlərdən biri Nerses Arutyunyan bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üç aydır ki, erməni keşişlərinə Xudavəng monastrına daxil olmağı qadağan edir:

“Onlar həmişə hansısa səbəb tapırlar, gah pandemiyanı, gah yolun dağılmasını əsas gətirirlər. İndi isə onlar sadəcə olaraq deyirlər ki, “yox, vəssalam””. O, deyib ki, monastrda cəmi 6 keşiş xidmət edirdi. Baxmayaraq ki, onlar məişət problemləri ilə üzləşirdilər, monastrı tərk etmək istəmirdilər: “Lakin may ayından bəri bizim monastra daxil olmaq imkanımız yoxdur. Hazırda monastrdakı keşişlər Qandzasar (Ağdərədə yerləşir - red.) kilsəsindədir. Rusiya tərəfi erməni keşişlərinin monastra qayıtması üçün danışıqlar aparır”.

 Kəlbəcərdəki qədim alban kilsəsi olan Xudavəng monastrını rayonu işğal edəndən sonra ermənilər “qədim erməni kilsəsi” adlandırıb oranı öz adlarına çıxırdılar. 2020-ci ilin noyabrında Kəlbəcər rayonundan Ermənistan işğalçı qüvvələri çıxarılanda monastrın erməni dindarlar üçün açıq olmasına şərait yaradılması barədə Moskvanın müraciəti nəzərə alındı və Azərbaycan tərəfi Xudavəngdə bir neçə erməni keşişinin xidmət etməsinə razılıq verdi.

Lakin daha sonra Xudavəngdəki erməni keşişləri və sülhməramlılar Azərbaycanın udi icmasının nümayəndələrinin monastrda sərbəst ibadət etməsinə maneələr yaratmağa başladı. Belə olan təqdirdə, erməni keşişlərin özlərinə tarixi aidiyyəti olmayan bir məbəddə qalmaları  nəyə lazımdır?  Eyni məntiqlə götürsək, onda gərək, azərbaycanlı din xadimləri də gedib İrəvanın mərkəzindəki məsciddə yaşasınlar.

İlahiyyatçı Tural İrfan “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, həmin  monastırda erməni keşişlərinin qalmasına icazənin verilməsi heç lazım deyildi: “Ermənilər bundan təbliğat qururlar ki, həmin monastrın ermənilərə aid olduğunu dolayı olsa da, biz təsdiqləyirik. Ancaq biz onlara icazəni tolerantlıq baxımından vermişdik. Tarixə salırlar ki, güya onların Kəlbəcərdə  manastrı olub. Onların çıxarılması keç də olsa, təqdir edilməlidir.  Bizim dindarlar niyə gedib Xankəndi, Xocalıdakı məscidlərdə yaşamır?  Dünənə kimi ermənilər gedib monastrı ziyarət edirdilər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yaxşı olardı ki, siyasi məsələlərlə  bağlı deyil, bu mövzuya aid bəyanat səsləndirəydi. QMİ şərh verməlidir ki, ora ermənilərə aidiyyəti olmayan kilsədir.  Hər bir məsələni siyasi hakimiyyətin üzərinə atmaq lazım deyil.  Gəlin baxaq görək, ermənilərin dindarları nə işlə məşğul olur, bizimkilər nə ilə? Görürsünüzmü,  4-5 keşiş hətta həyatlarına risk edərək dirəniş göstərir. Bizdə dinə rəhbərlik edənlər isə çaşdırıcı siyasi bəyanatlar səsləndirməklə məşğul olurlar.  Erməni keşişlərin  yaratdığı sə-küy tam yersizdir. Çünki onların həmin  kilsəyə heç bir aidiyyəti yoxdur. Həmin keşişlər kilsə adından istifadə edib, Azərbaycanın daxilində bir anklav yaratmaq istəyirlər. Bu baxımdan da, geri dönüşlərinə imkan verilməməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər