Əliyev - Putin görüşməsindən sonra Paşinyanda kardinal "sülh dəyişikliyi"...

img

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.

Erməni mediasının verdiyi məlumata görə, o, bu barədə  hökumətin iclasında bildirib: “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”.

Diqqət çəkən məqam budur ki, Paşinyan bu fikiri İlham Əliyevlə Putinin Moskva görüşündən dərhal sonra səsləndirib. Ölkə başçılarının Moskva görüşündən sonra Paşinyanda baş qaldıran kordinal “sülh meylini” nə ilə izah etmək olar?

  • Bədrəddin Quliyev: “Güman edirəm ki, bu yöndə Paşinyana Putin tərəfindən ciddi təsir olub”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan bu məsələni əvvəl də gündəmə gətirib: “Ancaq bir qədər diplomatik dildə ifadə edir. Hətta bir müddət əvvəl dövriyəyyə informasiya buraxılmışdı ki, belə sazişə imza atacağı təqdirdə Paşinyana “Nobel” Sülh Mükafatı da verilə bilər. Biz də  bilirik ki, Ermənistanın bundan başqa yolu yoxdur. Ancaq Paşinyan tam erməni xislətinə uyğun olaraq, hərdən bir mövqe ortaya qoyur.  Əslində proses əldə olunan razılşamalara uyğun şəkildə getməliydi.  Təəssüflər olsun ki, Ermənistan  üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Biz humanitar məqsədlə Laçın dəhlizini onların üzünə açmışıq. Onlar isə “Zəngəzur dəhlizi”nin açılmasını ləngidirlər. Azərbaycanın qətiyyətli addımları Erməistanı bir qədər konstruktiv olmağa vadar edəcək. Bu cür məsələdə Azərbaycan hakimiyyətinin mövqeyini siyasi partiyalar və ictimaiyyət də dəstəkləyir. Buna görə də, Ermənistan başqa çıxış yolunun olduğunu görmür”.

Partiya sədrinin sözlərinə görə, Ermənistanın geri addım atmasında İlham Əliyevin son Moskva səfərinin də rolu var: “Çünki həmin görüşdə İlham Əliyev qəti şəklidə öz mövqeyini ortaya qoydu və bildirdi ki, sərhədlərin dəqiqləşdirilməsi mütləq olmalıdır. Kommunikasiyaların bərpası həm də Rusiya üçün də  sərfəlidir. Güman edirəm ki, bu yöndə Paşinyana Putin tərəfindən ciddi təsir olub. Yəqin ki, yaxın zamanlarda biz bu istiqamətdə yenilikləri görəcəyik. Paşinyan əvvəl ölkənin daxilindəki seçki gərginliyini bəhanə edib, yayınırdı. Hazırda onun mütləq qələbəsi tam reallaşıb. Ona görə də, Moskva ondan öhdəliklərə əməl etməyi tələb edir. Paşinyanın sülh sazişinə imza atmaqdan başqa yolu qalmayıb”.

  • Zərdüşt Əlizadə: "Əvvəl müharibə etdilər, cavabların aldılar, indi dinc yolla buna nail olmaq istəyirlər”

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki,  onlar istəyirlər ki, hər hansı bir status əldə etsinlər: “Ermənistan bunu danışıqlar yolu ilə almaq istəyir. Paşinyan deyib ki, Ermənistan sülhə və bu istiqamətdə, danışıqlar aparmağa hazırdır. Bu, hansı şərtlərlə və necə gedəcək, qısa dövrdə, yoxsa uzun müddətdə gedəcək, 3-cü tərəfin müdaxiləsi tələb olunacaqmı və s. bunlar bilinmir. Əsas odur ki, niyyət bildirib. Erməni tərəfi də istəyir ki, münasibətlərdə hansısa bir müəyyənlik yaransın, amma onların gələcək haqqında təsəvürləri bizim təsəvürlərimizdən xeyli fərqlidir”.

Zərdüşt Əlizadə vurğulayıb ki, onlar status məsələsinə dinc yolla nail olmaq istəyirlər:

"Əvvəl müharibə etdilər, cavabların aldılar, indi dinc yolla buna nail olmaq istəyirlər. Ümid edirlər ki, Fransa, ABŞ, Rusiya onların tərəfində duracaq, Azərbaycana təzyiq edəcəklər ki, hansısa güzəştlərə getsin. Hər iki tərəf danışıqlara üstünlük verir. Gözləyək görək, nəticələr necə olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər