Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Siyasətçilər, ekspertlər Azərbaycanın Qarabağ mövzusunda istədiyinə nail olmasından narahatlıq keçirirlər. Həm Paşinyanın, həm də Əliyevin Moskva səfərinin ayrı-ayrı məqamları erməni KİV-lərində və sosial şəbəkələrdə tezislər şəklində analiz edildi. Tarixən öz problemlərini min cür oyunla başqa dövlətlərin çiyninə yükləyən ermənilər bu dəfə də Rusiyanın onların oyununa gələrək, Azərbaycanla münasibətlərini pozacağına ümid edirdilər. Ancaq gözləntiləri özünü doğrultmadı.
Erməni mediası yazır ki, görüş zamanı Rusiya Prezidenti "Dağlıq Qarabağ münaqişəsi"nin həlli ifadəsini işlətməkdən çəkindi: “Və ən vacib məsələlərdən birinin bölgədəki vəziyyətin nizamlanması olaraq qaldığını vurğuladı. Son bir neçə ayda Azərbaycan Prezidenti İlham Əliyev münaqişəsinin bitdiyini, artıq Dağlıq Qarabağ termininin qalmadığını, buranın Qarabağ adlandırıldığını vurğulayır. Vəziyyətin ciddiliyi bizi bir neçə reallığı ayıq şəkildə fiksə etməyə məcbur edir. Əvvəla, ATƏT-in Minsk Qrupu öz təsir gücünü geri dönməyəcək şəkildə itirdi. Onun "Qarabağ münaqişəsi"nin həllində unikal mandatını, səlahiyyətlərini bərpa etmək çətin olacaq. Hətta bu mümkün də deyil. İkincisi, bölgədəki güc tarazlığı pozuldu. Bu da Ermənistanı hərbi-siyasi maraqlarına yenidən baxmağa, lazımi müdafiə sistemini formalaşdırmağa məcbur edir”.
Belə görünür ki, erməni tərəfi Putin-Əliyev görüşünün nəticələrindən məyusdular.
“Moskva Bakının maraqlarını nəzərə almaq zorundadır”
Məsələyə münasibət bildirən AMİP funkdsioneri Əli Orucovun fikrincə, erməni tərəfinin gözləntilərinin fiaskoya uğrayacağı gözlənilən idi: “Çünki bunu şərtləndirən bir sıra amillər var. Məsələ ondadır ki, Nikol Paşinyan seçkilərdə qalib gələndən sonra Qərblə açıq və gizli təmasları intensivləşdirib. Bu da perspektivdə Rusiyanın Ermənistandakı maraqlarına qarşı hesablanıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesinin Ermənistandan başlaması bu baxımdan təsadüfü deyildi. Nəzərə almaq lazımdır ki, səfər zamanı Ş. Mişel Ermənistana 2,6 milyarad avroluq yardım paketi ayırdığını bəyan etdi. Ermənilər də tarixən kim onlara daha çox yal veribsə, onun yanında olublar. Məlum olduğu kimi, ciddi mediya və digər dəstəyə rəğmən, Rusiyanın namizədi Robert Köçəryan qalib gələ bilmədi. Paşinyana da Moskva etibar etmir. Baxmayaraq ki, Ermənistanın Rusiyadan asılılığı çox böyükdür. Belə olan halda əlbəttə ki, Putin Ermənistanın maraqlarını ifadə edən fikirlər səsləndirə bilməzdi. Rusiya görür ki, Azərbaycan daha etibarlı tərəfdaşdır. Üstəlik Azərbaycanın regionda olan çoxşaxəli potensialı Rusiyaya daha çox lazımlıdır. Bu baxımdan Moskva Bakının maraqlarını nəzərə almaq zorundadır”.
Partiya funksioneri hesab edir ki, Putin praqmatik maraqlardan çıxış edərək siyasət yeridir.
Vidadi ORDAHALLI