Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib ki, Emmanuel Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq.
O bildirib ki, rəsmi Yerevan Moskva və Parisin dəstəyi ilə ATƏT Minsk qrupunun "meyitinin" dirildilməsini daha da qətiiyyətlə tələb etməyə başlayıb: "Bununla da onlar Zəngəzur nəqliyyat dəhlizinin açılmasına mane olmağa çalışır". Onun sözlərinə görə, kollektiv erməni-fransız fəallığının artması çoxdan gözlənilən idi: "Gələn ilin yazında Fransada növbəti prezident seçkiləri keçirilməlidir. Son vaxtlar isə prezident Makronu daxili və xarici siyasi uğursuzluqlar təqib edir. Onun reytinqi seçicilərin dörddəbir hissəsi səvviyəsindədir və çoxpartiyalı Fransa üçün ciddi rəqəm olsa da, seçkilərdə qələbənin təmin olunması üçün kifayət deyil. Ermənistan Makronun siyasi uğursuzluqlar fonunda uğur səhifəsi ola bilər. Ona görə də özünün elektoral simpatiyaları naminə o, istənilən şəkildə, həm özünü, həm də Paşinyanı məmnun etmək üçün "erməni" kartını işə salacaq".
O.Kuznetsovun sözlərinə görə, erməni-fransız fəallığının artmasını Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Ermənistan səfəri və Aİ xətti ilə Yerevana 2,6 milyard dollar məbləğində vəsaitin ayrılması kontekstinə nəzərdən keçirsək, qrotesk-fantasmorik vəziyyəti yaranır: "Birincisi, 2,6 milyard avro nəhəng məbləğdir və Ermənistanın on illik büdcəsinə bərabərdir. Bu ölkə indiki vəziyyətində kifayət qədər istehsal gücünə malik deyil ki, həmin vəsaiti xarici bazarlarda satılması üçün məhsul istehsalına yönəldə bilsin. Avropa və Amerika üçün erməni malları prinsipcə, lazım deyil, Rusiyada və digər MDB ölkələrində isə qədərindən artıq məhsul satılmayacaq. Mən istisna etmirəm ki, Aİ-nin pullarının bir hissəsi Emmanuel Makronun seçki kampaniyasının keçirilməsi üçün "qara kassa"ya yönəldiləcək".
Yəni sadə dildə ifadə etsək, ekspert deyir ki, Ermənistana ayrılacaq tranşın bir hissəsi Makronun seçki kampaniyasına sərf ediləcək. Bu iddianı nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çox ciddi məbləğdir: “Ermənistan kimi balaca ölkəyə bu qədər kreditin ayrılması çox təəccüblü görünür. Çünki Ermənistan həmin məbləği qaytarmaq gücünə sahib deyil. Maraqlıdır ki, Avropa Birliyi iqtisadiyyatı zəif olan üzv ölkələrinə heç bu diqqəti göstərmir. Misal kimi Yunanıstanı və Balkan ölkələrini göstərə bilərik. Bunun üçün həmin ölkələrdə tez-tez hakimiyyət dəyişikliyinə yol verir. Belə bir məbləğin Ermənistana ayrılması bizdə haqlı suallar doğurur. AB mütləq bunun izahını verməlidir. Belə olacağı təqdirdə, biz Avropa Birliyi ilə bağlı siyasətimizi bir daha nəzərdən keçirməliyik. Onlarla bizə olunan yardımın fərqi bu qədər ola bilməz. Pulların bir hissəsinin Makronun seçki kampaniyasına yönəldiləməsi inandırıcı sayıla bilər. Çünki Avropada bu təcrübədən istifadə edilib. Liviyanın sabiq prezidenti Qəddafi belə üsulla Berluskoninin seçkisini maliyyələşdirmişdi. Ciddi iddiadır. Biz bunu nəzarətdə saxlamalıyıq. Makronun reytinqi çox aşağıdır. Düşünmürəm ki, erməni yardımı onu qalib edə bilər. Fransızlar üçün Ermənistan amili çox maraqlı deyil. Ola bilər ki, erməni lobbisinin yuxarı dairələrə təsiri olsun. Prezidenti seçən isə sadə xalqdır”.
Məhəmmədəli QƏRİBLİ