Seçkidən sonra Sünik merlərinin ardınca əsl ov başlayıb - Ermənistanda Zəngəzur prosesləri belə gedir…

Rəşad Bayramov: “İndi baş verənlər Nikol Paşinyanın intiqam-cəza tədbirləridir”

img

Ermənistanda seçkilər sonrası siyasi təqiblərin artması diqqət çəkir. Yerli media bu gün daha bir merin saxlanılması barədə məlumat yayıb:

"Hüquq-mühafizə orqanlarının əməkdaşları Sisian meri Artur Sarkisyanı sorğu-sual üçün görüşə dəvət edib. Mərkəzi Seçki Komissiyası onu toxunulmazlıqdan məhrum edib. Beləcə, Sarkisyan saxlanılaraq təkadamlıq kameraya yerləşdirilib. Qeyd etmək lazımdır ki, son zamanlar "Ermənistan" blokunun üzvləri olan Sünik (Zəngəzur-red.) merlərinin çoxu saxlanılaraq incidilib və ya həbs edilib. Nikol Paşinyan çəkicini fırlatmağa davam edir".

Paşinyan seçkidə qalib gələndən sonra, xüsusilə də Zəngəzur bölgəsindəki vəzifəli şəxslərə qarşı apardığı repressiyanın kökündə hansı səbəblər durur?

Politoloq Rəşad Bayramov qəzetimizə bildirdi ki, Paşinyanın bu davranışının səbəbləri bəllidir: “Qeyd edək ki, Sünik meriyasının bəzi rəhbərləri Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyənnaməni imzaladığına görə baş nazir Paşinyanın istefasını tələb etmiş, onun Sünikə səfərinə əngəl törətmişdilər. Hazırda şəhər rəhbərlərindən bəziləri müttəhim, bəziləri isə şübhəli şəxs kimi saxlanılıb. Seçkiqabağı təşviqat dönəmində Nikol Paşinyanın həmin bölgəyə səfərinə qarşı aksiyalar hazırlanıb. Eləcə də seçkilər zamanı Robert Köçəryanın qələbəsi naminə Sünik bölgə rəhbərləri əllərindən gələni ediblər. İndi baş verənlər isə Nikol Paşinyanın intiqam-cəza tədbirləridir.

Sizin sadaladıqlarınıza əlavə edim ki, Ermənistanın Sünik bölgəsinin Kaçaran şəhər meri Manvel Paramazyan da iki ay müddətinə həbs edilib. Bütün bunlar Ermənistandakı daxili vəziyyətin qeyri-stabil olduğundan xəbər verir. Yəqin ki, Azərbaycan tərəfinin Zəngəzurla bağlı iddialı çıxışları da Paşinyanı ciddi narahat edib. Hesab edib ki, bütün bunların fonunda məhz həmin bölgədən zərbə ala bilər. Bu səbəbdən də tarixi Azərbaycan torpaqlarının onlarda olan hissəsindəki müdafiə tədbirlərini daha da gücləndirir. Həmin bölgənin sadə əhalisi kommunikasiyaların bərpasını istəyir. Çünki bilirlər ki, belə olacağı təqdirdə onların maddi vəziyyəti yaxşılaşacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər