Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Rusiyanın məşhur kurort şəhərlərindən olan Jeleznovodskda otel alıb. Bu haqda Ermənistanın Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, A. Arutyunyan oteli dostu Karen Meliksetyanın adına alıb:
"Qarabağda minlərlə erməni ailəsinin Azərbaycanın vurduğu ziyanın ödənilməsi üçün növbəyə durduğu bir vaxtda Araik mavi dostunun "Mask" hotelini alıb. Tam ünvan: Rusiya Federasiyası, Stavropol diyarı, Jeleznovodsk şəhəri, şəhər tipli İnozemtsevo qəsəbəsi, Qaqarin küçəsi, 213A".
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu faktın özü çox mətləblərə aydınlıq gətirmiş olur: “Ərazilərimiz işğalda olduğu zaman Araik müsahibə verib, Qarabağdakı nar və üzüm biznesindən danışırdı. Ən maraqlısı isə bu idi ki, həmin biznesini Qarabağın ətrafında işğal altında saxlanılan rayonlarımızda qurduğunu bildirirdi. Uzun illər ərzində işğal altındakı ərazilərimizi talayanlardan biri də məhz Araik olub. Fikir verirsinizsə, tam məğlubiyyətə uğrasalar da, o, separatçı ideologiyasından əl çəkmir. Artıq görür ki, Qarabağda onun kimilərin qalıb inkişaf etmək perspektivi yoxdur. Bu səbəbdən də əlində olan vəsaiti Rusiyanın şəhərlərinə yatırır. Özü də elə şəhərə sərmayə qoyur ki, həmin ətrafda çoxlu sayda erməni yaşayır. Bunun özü Araikin reallığı dərk etməyə başlamasından xəbər verir. Yaxın gələcəkdə Qarabağı tərk edib oralara getməyi nəzərdə tutur. Məlumatın yayıldığı mənbə erməni telekanallarıdır. Görünən budur ki, xalq da bu tip separatçıların təxribatından bezib. Onlar artıq anlayır ki, utopik ideyalarla xalqı məşəqqətlərə düçar edən belə şəxslər, əslində öz ciblərinə xidmət ediblər”.
Ekspertin sözlərinə görə, Araik Arutyunyanın bu davranışı və ona verilən ictimai reaksiyalar Qarabağdakı erməni separatizminin sonunun yetişdiyindən xəbər verir: “Doğrudan da, Qarabağda ermənilərin nəzarəti altında olan ərazilərdəki ermənilər acından ölür, onlara özlərini lider kimi sırıyanlar isə özlərinə xaricdə otel alır. Qəribə təzaddır”.
Məhəmmədəli QƏRİBLİ