Azərbaycan hökumətinin mövqeyi göstərir ki, onlar regional kommunikasiyaları açmaq istəmirlər və Ermənistanı blokadada saxlamaq niyyətindədirlər. Bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib. O, guya Azərbaycanın sülh prosesini dağıtmaq istədiyini iddia edib:
“Onların məqsədi Ermənistanın blokadasını davam etdirməkdir. Lakin biz üçtərəfli qrupda işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq, rusiyalı və beynəlxalq tərəfdaşlarımızın köməyilə əlaqələrin açılmasına nail olaq”.
Çox maraqlıdır, Paşinyan öz etdikləri təxribatları, sülhdən yayınma ilə bağlı addımları bizim adımıza yazmaq istəyir.
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu ittihamı çox primiztiv səslənir, hətta gülüş doğurur: “Əvvəla, Ermənistanı blokadaya onu idarə edən rejimlər və onların başqa ölkənin ərazilərinə olan yersiz torpaq iddiaları salıb. 30 il davam edən bu yanlış siyasəti hazırda düzəltmək şansı yaranıb. Ancaq biz görürük ki, Paşinyan 44 günlük müharibədən lazımi nəticəni çıxarmayıb. Bizi öhdəliklərə əməl etməməkdə günahlandırır. Baxaq görək, onun özü öhdəliklərə əməl edirmi? Birmənalı şəkildə yox cavabını verə bilərik. Qarabağdan separatçı tör-töküntülərini tam yığışdırmayıblar, hətta yeri gələndə orda təxribat törədirlər. Minalanmış sahələrin xəritələrini vermirlər. “Zəngəzur dəhlizi”nin açılmasına ermənilər mane olursa, Paşinyan hansı kommunikasiya təxribatından danışa bilər? Azərbaycan öz humanist addımını atıb. Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinə humanitar məqsədlər üçün icazə verir. Lakin Ermənistan Naxçıvanla Azərbaycanın digər bölgələrini birləşdirən dəhlizin açılışına icazə vermir.
Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirməkdən əl çəkməsə, şübhə etməməlidir ki, bunun cavabı daha ağır olacaq. Azərbaycan hakimiyyəti ölkələrimiz arasındakı sərhədlərin delimitasiya və demarkasiyasının sivil normalar çərçivəsində aparılmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib. Ermənistanda kimlərsə bu yanaşmanı zəiflik kimi qəbul edib yenidən gördüyümüz təxribat yolunu seçirsə, bu o deməkdir ki, belələri üçün erməni analarının göz yaşları mənasızdır və erməni gənclərini növbəti dəfə ölümün ağuşuna atmaq həmin dırnaqarası siyasətçiləri zərrə qədər narahat etmir. Bu, mənəvi dəyərlər arasında edilən seçimdir, daha doğrusu, mənəviyyatsızlığın göstəricisidir. Lakin Ermənistan cəmiyyəti və ilk növbədə erməni anaları bilməlidirlər ki, Azərbaycan xalqının səbri ilə oynamaq istəyənlərə fürsət vermək olmaz. Əks təqdirdə, övladlarının cəsədlərini yenidən onları ölümə göndərənlərdən tələb etmək məcburiyyətində qalacaqlar”.
Məhəmmədəli QƏRİBLİ