Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfər edəcək. Belə ki, iyulun 16-da Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun rəhbərlik etdiyi heyət Şimali Kiprə yola düşür. Nümayəndə heyəti hazırda Türkiyədə səfərdədir və ötən gün prezident Rəcəb Tayyib Ərdoğan heyət üzvlərini qəbul edib.
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Akif Çağatay Kılıc da Səməd Seyidovun rəhbərlik etdiyi heyətlə görüşüb. Kılıc Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin iyulun 16-da Şimali Kiprə yola düşəcəyini bildirib. O, Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə səfərini “tarixi” adlandırıb: “Bu, Azərbaycan parlamentinin nümayəndə heyətinin Şimali Kiprə ilk tarixi səfəridir. Biz bu mühüm addıma görə minnətdarıq. Bu, dünyaya mesajdır və Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümayişidir”.
Göründüyü kimi, tatixdə ilk dəfə olaraq Azərbaycan parlament deputatları ŞKTR-yə səfərə gedir. O da məlumdur ki, ŞKTR-nin müstəqilliyini dünyada Türkiyədən başqa heç bir dövlət tanımayıb. O baxımdan Azərbaycanın ŞKTR-ni tanıması məsələsi gündəmə gəlir. İndiyə qədər Azərbaycan Yunanıstanın Qarabağdakı separatçıları tanıyacağından ehtiyat edərək bunu etməyib. Artıq məlum olduğu kimi, münaqişə həll olunub və bu problem yoxdur. O baxımdan, Qarabağ probleminin həll olunduğunu nəzərə alsaq, Azərbaycan bundan sonra ŞKTR-ı tanıya bilərmi?
“Bununla dostumuza, düşmənimizə bir mesaj veririk”
Məsələyə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev buna bir neçə aspektdən yanaşdı: “Şuşa bəyannaməsindən sonra xarici siyasətdə, bir sıra digər məsələlərdə birgə addımlar atmağa məhkumuq. O cümlədən, təhlükəsizlik nöqteyi-nəzərindən də bu zəruridir. Nəzərə almaq lazımdır ki, separatçıların silahlı qüvvələri Qarabağı tərk etməyib. Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin ŞKTR-ə səfəri bir daha bizim Türkiyə ilə iç-içə olmağımızı göstərir. Düzdür, bu hələlik o demək deyil ki, Azərbaycan ŞKTR-in müstəqilliyini tanıyır. Bu, ilkin olaraq münasibətlərin, əlaqələrin qurulmasıdır. Ancaq bu, Azərbaycanın rəsmi olaraq ŞKTR ilə bağlı atacağı addımlarla əlaqədar bir mesajdır. Bununla dostumuza, düşmənimizə bir mesaj veririk. Yəni bölgədə atılacaq addımlara uyğun olaraq cavab addımları atılacaq. Şərait tam yetişən kimi Azərbaycan ŞKTR-ı tanıyacaq. Fikrimcə, bunun üçün hələ tam zəmin formalaşmayıb. Qoy türk dövlətlərinin güclü birliyi yaransın, ittifaqlar qurulsun, ondan sonra bu addım atılacaq”.
Partiya sədri hesab edir ki, gec-tez bu baş verəcək.
Vidadi ORDAHALLI