Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasına toxunub: “İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır”.
Azərbaycan Prezidenti bildirib ki, biz tarixi unuda, kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik: “Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni biz deyək ki, bu olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.
İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...”
Prezidentin Qərbi Zəngəzurla bağlı ortaya qoyduğu mövqe Ermənistana ərazi iddiasıdır, yoxsa yeni strategiya?
Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezident bu tip bəyanatları indi səsləndirmir: “İlham Əliyev hakimiyyətə gələndən belə bəyanatlar səsləndirir. Çox haqlı mövqedir. Çünki onun sadaladığı ərazilər bizim tarixi torpaqlarımızdır. ADR dönəminin xəritəsində həmin ərazilərin Azərbaycana məxsusluğu öz əksini tapıb. Dünya birliyi o zaman Azərbaycanın ərazi bütövlüyünü həmin xəritələr əsasında tanıyıb. Qarabağ və ətraf rayonlarımız işğaldan azad edilmədiyi dönəmdə də Prezident bənzər bəyanatlar səsləndirib. Arxivlərə nəzər yetirsəniz, sözügedən məzmunda olan bəyanatlarla tanış ola bilərsiniz. Deyilir ki, biz Qarabağı və ətraf rayonları işğaldan azad edib, öz tarixi torpaqlarımıza qayıdacayıq. Biz bu bəyanatı dəstəkləyirik. Çünki bu, Azərbaycanın haqqıdır. 101 il bundan əvvəl baş verən proseslərə yenidən baxmaq mümkündür. Azərbaycan dövləti bu cür məsələləri beynəlxalq müstəvidə müzakirəyə çıxarmaq hüququnu özündə saxlayır. Prezident bunu ərazi iddiası formasında səsləndirmir. Diplomatik dillə ifadə edir. Bizim həmin ərazilərə qayıtmaq haqqımızın olduğunu bəyan edir. Mənim şəxsi fikirim budur ki, biz yeri gəlsə, Ermənistana qarşı ərazi iddiası qaldırmalıyıq. Görürük ki, Ermənistan sülh sazişini imzalamaqda maraqlı deyil. Heç biz də buna tələsməməliyik. Biz işğal zamanı vurulan ziyana görə həmin ölkəyə qarşı maddi təzminat qaldırmalıyıq. Çünki illər uzunu ərazilərimzi viran qoyublar. Bununla yanaşı, tarixi torpaqlarımızla bağlı onlara qarşı rəsmi ərazi iddiası irəli sürməliyik. “Böyük sülh” müqaviləsi imzalanarsa, biz bu iddiaları qaldıra bilməyəcəyik. Tarixi ərazilərimizə qayıdışla bağlı ölkə başçısının konkret mövqeyini dəstəkləyirik. Çünki bizim buna həm hüquqi, həm də mənəvi haqqımız çatır”.
Məhəmmədəli QƏRİBLİ