Ermənistan Xarici İşlər Nazirliyinin iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə əlaqədar həmin ölkələrin Ermənistandakı diplomatik nümayəndəliklərinə nota təqdim etməsi ilə bağlı məlumat yayılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı fikirlərini bölüşüb.
XİN sözçüsü qeyd edib ki, Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir: “Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə - mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”.
Leyla Abdullayevanın sözlərinə görə, Ermənistan XİN nota tərtib edərkən, ən azından, nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir: “Görünür, Ermənistan XİN-də rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir. Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir”.
Maraqlıdır, Ermənistanın bu əsassız hədəsinə həmin səfirliklər hansı cavabı verməlidir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, diplomatlar Şuşaya səfərlə bağlı dəvəti qəbul ediblər: “Yalnız üç həmsədr ölkənin diplomatları bu səfərdən heç bir ciddi əsas gətirmədən imtina edib. Ermənistan XİN bundan bir gün sonra ora səfər edən ölkələrə irad notası verib. Bununla Ermənistan öz diplomatik həddini aşır. Çünki Azərbaycan öz suveren əraziləri çərçivəsində qanunvericiliyə uyğun şəkildə istənilən addımları ata bilər. Diplomatların səfərini də bu qəbildən tədbir saya bilərik. Notanı sadə dildə Ermənistanın növbəti həyasızlığı kimi izah edə bilərik. Mən bilirəm ki, bu ifadə bir qədər etiketdən kənar səslənir. Ancaq düşünürəm ki, Ermənistanın addımına bundan başqa hansısa adı vermək olmaz. Düşünürəm ki, nota verilən ölkələrin hər biri Ermənistana öz etirazını bildirməlidir. Ermənistana diplomatik etiketi aşdığı təfsilatı ilə izah edilməlidir”.
Politoloqun sözlərinə görə, diqqət çəkən digər vacib məqam Ermənistanın digər rayonlara deyil, məhz Şuşaya səfərə bu şəkildə etiraz etməsidir: “Bilirsiniz ki, Azərbaycan Şuşanı həm də bütün Türk dünyasının mədəniyyət mərkəzi elan edib. Həmin qəbildən olan ölkələr də qədim şəhərin bu təqdimatını dəstəkləyir. Ermənistanın bu azğınlığı Rusiyanın onlara verdiyi motivasiya əsasında baş verir. Biz Ermənistanın Rusiyanın dəstəyilə Laçın və Kəlbəcərdə sərhədin dəqiqləşdirilməsinə necə etiraz etdiyinin şahidi olduq. Bununla onlar isbat etmək istəyirlər ki, güya Şuşa ilə bağlı məsələdə mübahisə hələ mövcuddur. Maraqlıdır ki, bütün dünyada Rusiya ilə qarşı-qarşıya dayanan ABŞ bu məsələdə Moskva ilə həmrəylik nümayiş etdirib. Mənə elə gəlir ki, öz dövlətinin maraqlarına hörmətlə yanaşan istənilən ölkə Ermənistana layiqli cavabı verməlidir”.
Məhəmmədəli QƏRİBLİ