Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib ki, Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır:
“Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”.
XİN rəsmisi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarına ardıcıl riayət olunmasının vacibliyini vurğulayıb.
Mariya Zaxarovanın açıqlamasında ikibaşlı mövqe hiss edilir. O bir tərəfdən deyir ki, minalarla bağlı xəritələrin verilməsi ilkin şərt olmadan həyata keçməlidir, digər tərəfdən isə bunu birdəfəlik həll etməyin mümkünsüzlüyünü vurğulayır.
“Rusiya istədiyi zaman bu məsələni kökündən, birdəfəlik həll edə bilər”
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir: “Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır. Nəzərə alaq ki, mina xəritələrinin Azərbaycana qaytarılması ölkəmiz üçün vacib amildir. Bu, işğaldan azad olunmuş ərazilərin bərpası, məskunlaşma üçün mühüm əhəmiyyət daşıyır. Hələlik erməni tərəfi iki xəritə təqdim edib. Onları da nəyinsə müqabilində. Bir sözlə, Ermənistan bu məsələni alver predmetinə çevirib. İlk dəfə Ağdamla bağlı xəritə veriləndə Paşinyan bildirdi ki, Azərbaycana minalanmış ərazilərin Ermənistanda olan xəritələrin kiçik bir hissəsi verilib. Paşinyan Ermənistan müxalifəti tərəfindən səsləndirilən bütün minalanma xəritələrinin Azərbaycana verildiyi haqqında iddiaları təkzib edərkən belə bəyanat verəndə, buna Rusiya niyə etiraz etmirdi? Ağdamla bağlı mina xəritələrinin verilməsi Rusiyanın iştirakı olmadan oldu. Rusiya bunu həzm etmədi və fəallığını artırdı. 3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Yəni Rusiya istədiyi zaman bu məsələni kökündən, birdəfəlik həll edə bilər. Görünür, bu amillə də manipulyasiya onlara sərf edir”.
Məhəmmədəli QƏRİBLİ