Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalaması olduqca maraqlı tarixə düşdü. Eyni gün Moskvada Ermənistan baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırıldı.
Çox güman ki, Paşinyan növbədənkənar seçkilərdə qazandığı qələbədən sonra ilk rəsmi səfərində bundan sonrakı fəaliyyət proqramını müəyyənləşdirmək üçün Moskvaya getdi. Məhz belə bir zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə fərman, ilk növbədə, Paşinyan üçün bir sürpriz idi. Sözsüz ki, bu iki hadisənin eyni anda baş verməsi erməni ictimaiyyətinin də gözündən yayına bilməzdi. Bu səbəbdən erməni mediası baş verənləri məyusluq içində dəyərləndirir.
“Armenian Report” saytında dərc olunan “Rüsvayçılıq fincanı” sərlövhəli yazıda bütün bunlara görə Rusiya ittiham edilir. Qeyd edilir ki, Putin bununla, bir növ, özünəməxsus şəkildə Paşinyanı “təbrik etdi”. Müəllifə görə, Putinin Paşinyana ilk müjdəsi Azərbaycan və Ermənistan sərhədinə Rusiya sülhməramlılarının yerləşdirilməsinin planlaşdırılmaması ilə bağlı olub və bu, Rusiya Prezidentinin sözçüsü, mətbuat katibi Dmitri Peskov tərəfindən jurnalistlərə çatdırılıb: “Bu məlumat həqiqətə uyğun deyil. Hər hansı bir sənədin imzalanması planlaşdırılmır”. Daha sonra bunlar deyilir: “İkincisi, Putin Ermənistana yenə də xəyanət etdi, ölkəmizə qarşı yeni təxribatların həyata keçirilməsinə “yaşıl işıq” yandırdı. Bunu Bakıda da başa düşdülər. Paşinyanın Moskvaya getdiyi gün İlham Əliyev Azərbaycanın iqtisadi rayonlara yeni bölünməsi haqqında fərman imzaladı. Və əsl partlayan bomba bu idi. Yeni qərara əsasən, “Artsax”ın (Laçın və Kəlbəcərdən başqa) rayonları ayrıca rayona daxil edildi. Laçın və Kəlbəcərdən isə "Şərqi Zəngəzur" iqtisadi rayonu quruldu. Bu ad çox bəlağətlidir. Düşünürəm ki, şərq varsa, qonşularımızın (siyasi və sosial səviyyələrdə) Syunik üçün dedikləri “Qərbi Zəngəzur” da var”.
Görünən odur ki, ermənilər yenə üzləşdikləri məğlubiyyətə görə özlərini yox, Rusiyanı ittiham edirlər.
“Azərbaycan təkcə hərbi müstəvidə yox, həm də diplomatik müstəvidə böyük qələbə qazanıb”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan Ermənistan üzərində təkcə hərbi müstəvidə yox, həm də diplomatik müstəvidə böyük qələbə qazanıb: “Bu diplomatik qələbələrimiz də davamlı olaraq reallaşmaqdadır. Ermənistan özünün ənənəvi olaraq strateji müttəfiqi hesab etdiyi Rusiyanı indi daha uca səslə ittiham etməyə başlayıb. Rusiyanın ermənilər tərəfindən ittiham olunması yeni hadisə deyil. Bir neçə il əvvəl Paşinyan Angela Merkellə görüşü zamanı Rusiyadan şikayət etmişdi. Şikayətin məzmunu o idi ki, Rusiya Azərbaycana müasir silahlar satır. İndi də ermənilər onun fərqindədirlər ki, Ermənistan bütün istiqamətlərdə məğlub olub. Bu ölkənin yeganə çıxış yolu əməkdaşlıq istiqamətində konkret əməli addımlar atmaqdan ibarətdir. Paşinyan artıq onun da fərqindədir ki, Rusiya ilə bağlı ümidləri puça çıxmaqdadır. Elə bilirdilər ki, delimitasiya və demarkasiya tədbirləri çərçivəsində KTMT öz qüvvələrini sərhədə yeridəcək. Ancaq Peskov məlum açıqlaması ilə onları məyus etdi. Bəlli oldu ki, nə belə bir niyyət var, nə də buna ehtiyac. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın iqtisadi rayonları ilə bağlı məlum sənədi imzaladı. Bu sənədin özü də Ermənistanda şok effekti yaradır. Sənəddə Xankəndi və Zəngəzurla bağlı məqamlar var. Bütün bunlar Ermənistanda artıq belə bir mövqe formalaşdırıb ki, Azərbaycan öz tarixi ərazilərini geri qaytarmaq niyyətindədir. Haçansa bu proses qaçılmaz xarakter alacaq. O üzdən, ermənilər böyük təşviş içindədirlər. Hansı ki, Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İqtisadi rayonları artırır. Həmçinin, Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addımlar atır. Bu dəhliz bizim üçün strateji əhəmiyyətlidir. Eyni zamanda, Ermənistan da bundan uduş əldə edəcək”.
Politoloq hesab edir ki, Azərbaycanın Rusiya ilə olan yaxşı strateji tərəfdaşlıq münasibətləri də Ermənistanı narahat edir.
Vidadi ORDAHALLI