Ermənistanın iki sabiq prezidenti arasında narazılıq baş qaldırıb. Ermənistanda şərti adı “Qarabağ klanı” olan qruplaşmanın iki təmsilçisinin son seçkilərdəki məğlubiyyətdən sonra bir-birinə qarşı çıxması maraqla izlənilir.
Söhbət Serj Sarkisyanla Robert Köçəryandan gedir. Serj Sarkisyan 2018 və sonrakı illərdə baş verən hadisələr haqqında “Sputnik Armeniya” nəşrində müəllif məqaləsi ilə çıxış edib. Məqalə Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Kazan sammitinə qədər və ondan sonra baş verən hadisələr haqqındadır. Yazıda xeyli vacib məqamlar diqqət çəkir. Birincisi, yazının eksklüziv olaraq “Sputnik Armeniya” üçün nəzərdə tutulması təsadüfi deyil. Daha maraqlısı isə odur ki, Serj Sarkisyan dolayısı ilə Robert Köçəryanı Qarabağ probleminin tənzimlənməsi prosesilə bağlı ona “pis miras” qoymaqda suçlayıb. Doğrusu, Serj Sarkisyan indiyə qədər heç vaxt Köçəryanın üzərinə belə açıq getməmşdi. O, Köçəryanı Qarabağı danışıqlar prosesindən kənarda qoymaqda ittiham edir və paket həllinin Qarbağın statusu məsələsini gündəmdən çıxardığını bildirir.
İkinci diqqətçəkən məqam Serj Sarkisyanın bu formuludur: “Dağlıq Qarabağ münaqişəsini onun statusu ilə bağlı əsas məsələdən kənarda, xalqın öz müqəddəratını təyin etmək hüququnu reallaşdırmadan həll etmək mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Tənzimlənmə üçün 3 dekabr 2020-ci il tarixdə beynəlxalq səviyyədə qəbul olunmuş yeganə vasitəçilik formatı olan həmsədrlərin bəyanatı düzgün istiqamətə doğru çox vacib siqnaldır”. Serj Sarkisyan bununla Rusiyaya inanmadığını ifadə edib, Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində baş və yeganə arbitr olmasını qeyri-mümkün sayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatına qayıtmağın zəruriliyini bildirib.
Ermənistanın sabiq prezidentlərinin bir-birinə qarşı çıxmasının kökündə duran əsl səbəb nə ola bilər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda yeni düzən formalaşır: “Onlar artıq gördülər ki, xalq müharibə istəmir. Bunu son seçki göstərdi. Belə olmasaydı, xalq müharibəni uduzan, erməni müxalifətinin dili ilə desək, kapitulyanta səs verməzdi. Bu nəticə bir daha göstərdi ki, ermənilər sülh istəyir. Bunu Serj Sarkisyan yaxşı görür. İş burasındadır ki, “Qarabağ klanı”nın nümayəndələri olan Robert Köçəryan və Serj Sarkisyan müharibə təbliğatı üzərində hakimiyyətə gəlmişdilər. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdular. Bu dalğa onları prezident etdi. Fikir verirsinizsə, Serj Sarkisyan hərbi sahədəki deyil, diplomatik sahədəki uğursuzluqdan danışmağa üstünlük verir. Bu da özünü cəmiyyətə revanşist kimi deyil, diplomat kimi sırımaq istəyindən irəli gəlir. Serj Sarkisyan eyni zamanda Rusiyaya inanmağın doğru olmadığını bəyan edir. Bu açıqlamanın Paşinyanın son Moskva səfərindən sonraya təsadüf etməsi maraqlıdır. Bununla sabiq prezident demək istəyir ki, Paşinyan sırf Moskvanın adamıdır. Özünü Qərbin diqqətinə gətirmək istəyir. Mesaj verir ki, həmin dairələrlə işləməyə hazırdır. Əslində bu mübarizə hakimiyyət yox, ana müxalifət uğrundadır. Serj Sarkisyan bu estafetdə Köçəryanı qabaqlamaq istəyir”.
Məhəmmədəli QƏRİBLİ