Qarabağda yaşayan ermənilər özləri də separatçılardan beziblər. Bunu zaman-zaman dilə gətirməkdən qorxmayanları da tapılır. Bu gün Yutubda canlı yayımlanan “Bakı-Xəbər” TV-nin “Düz kəsir” debatına yazan Armine Mirzayan adlı tamaşaçı Qarabağın Xocavənd (Keçmiş Martuni - red.) rayon sakini olduğunu və daşnaklardan bezdiyini qeyd edib.
A.Mirzayan həmçinin iddia edib ki, Xankəndidə separatçı rejimin istintaq komitəsində xadimə işləyən Marina adlı xalası qızı iyunun 8-də Ermənistanın Baş İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryanı görüb:
“Ermənistanın İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryanı kim Azərbaycan ərazisinə dəvət edib, ruslar nəyə əsasən onu Azərbaycan ərazisinə - Qarabağa buraxıblar?”- deyə sual edən erməni qadını artıq Qarabağda yaşayan ermənilərin arasında bu ərazinin Azərbaycana məxsus olduğunu açıq şəkildə etiraf edənlərin də olduğunu bildirib.
A.Mirzayanın 3-cü mesajı isə belədir:
“Laçın yolunda Azərbaycan əsgərləri olmalıdır, daşnaklar, Ayk Qriqoryanlar Qarabağa keçməsinlər!”
Armine Mirzayanın mövcudluğunun dəqiqliyini, həmçinin onun dediklərinin də həqiqət olduğunu ehtimal etsək, aşkar görünür ki, rus sülhməramlıları noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bəyanata hörmət etmirlər. Əgər sülhməramlılar müvəqqəti olaraq yerləşdikləri ərazilərdə Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin Xankəndiyə gəlib-getməyinə göz yumacaqsa, o zaman Qarabağda nə işləri var?