“Avrora" humanitar fondu və "Ermənistan-2041" fondunun birgə keçirdiyi sorğunun nəticələri diqqəti cəlb edir. Sorğu nəticəsində məlum olub ki, Ermənistan əhalisinin 76 % -i “Artsax” problemini artıq yük hesab edir.
Bununla bağlı erməni mediası yazır ki, nəticələr məyusedicidir və ağır məğlubiyyətə rəğmən, bu yükdən qurtula biləcəklərinə sevinirlər: “Belə çıxır ki, Ermənistan əhalisinin 76 % -i “Artsax” problemini artıq yük hesab edir və belə bir qiymətə (yəni 44 günlük savaşdakı məğlubiyyət və itkilər hesabına) olsa da, bu yükdən qurtula biləcəklərinə sevinirlər”.
Sorğunu keçirmiş fondların nümayəndəsi Ruben Vardanyan Ermənistanda bu yanaşmaya sadiq olan çox insanın olduğunu təəssüflə qeyd edib. R.Vardanyan, həmçinin, təhsil sistemində kök salmış məsələlər də daxil olmaqla, işğalçı ölkənin digər problemlərinə də toxunub. O, xüsusilə qeyd edib ki, oğlu Ermənistan ordusunda xidmət edərkən 100 hərbçidən 8-i nə oxuya, nə də yaza bilirmiş.
Bütün bunlar Qarabağ məsələsinin ermənilər üçün yük olduğunu bir daha ortaya qoyur. Bir qrup xəstə düşüncəli siyasətçinin planlarının fiaskosu deməkdir.
“Biz hər zaman miflərlə yaşayan erməni millətçilərinin təxribatlarına hazır olmalıyıq”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, “Ermənistan-2041” fondunun keçirdiyi sorğu erməni siyasi dairələrinin uzun illər apardıqları yanlış siyasətin reallığını əks etdirir: “Tarixi həqiqətləri inkar edib, insan faciəsi üzərində əfsanələrlə yaşamağın sonu belə də olmalı idi. Erməni diasporu o qədər həqiqətə uyğun olmayan yalan və şayiələr uydurdu ki, artıq xalq yoruldu. Bu barədə Stanislav Yeji Lets daha gözəl ifadə edib: “Şayiələr qocalanda mifə çevrilirlər”. Həqiqətən yalanlar və şayiələr mifə çevrildikdən sonra erməni xalqı ilə dövləti arasında böyük bir uçurum yarandı. Son iki yüz ildə uydurma nağıllarla yaşayan erməni xalqı “Böyük Ermənistan”, “Artsax” röyasından ayılmağa başlayıb. Artıq etiraf etməyə başlayıblar ki, bu coğrafiyada bu formada yaşamaq artıq mümkün deyil. Bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, dünyada yaşayan “erməni xəstəliyinə” yoluxmuş millətçilər hələ də bu mifologiyadan asanlıqla ayrılmaq fikrində deyillər. Biz hər zaman miflərlə yaşayan erməni millətçilərinin təxribatlarına hazır olmalıyıq. İndi keçirilən sorğular erməni xalqının düşdüyü durumun əsas göstəricisidir. Məğlub olmuş dövlətin və xalqın bütün çatışmazlıqları ortada olur, bunu hamı görə bilir. Ona görə biz elə etməliyik ki, bütün sahələrdə, ən azı, erməni xalqını 50 il geridə qoyaq. Erməni xalqı elə bir formada "zəhərlənib" ki, bir azdan özünə gəldikdən sonra yenidən miflərlə yaşamağa davam edəcək”.
Bu baxımdan, sədr müavini hesab edir ki, Azərbaycan dövlətinin əsas işi ermənilərə qarşı müdafiə deyil, hücum taktikasından istifadə etmək olmalıdır.
Vidadi ORDAHALLI