“İndiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanıb. Tədqiqatın nəticələri beynəlxalq ictimaiyyətə təqdim ediləcək”. Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov mətbuata deyib.
Görünən odur ki, artıq rəsmi səviyyədə bu istiqamətdə işlərə başlanıb. Əvvəl araşdırma prosesi elmi-tədqiqat institutları səviyyəsində gedirdisə, indi rəsmi yanaşma var. Məlumata görə, araşdırma prosesində Rusiya və Gürcüstan arxivlərindəki materiallar da əsas götürüləcək.
Heç şübhəsiz ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən bu araşdırma prosesi ortaya daha ciddi faktlar çıxaracaq. Başlıcası isə bu gün Ermənistan ərazisində Azərbaycan irsinin qalmadığı, ermənilər tərəfindən dağıdılıb məhv edildiyi beynəlxalq aləmə rəsmən təqdim ediləcək.
“Haqqımızı beynəlxalq aləmə tanıtmağımız mümkündür”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca mühüm əhəmiyyətə malik olan hadisədir. Onun sözlərinə görə, ermənilərin uzun illərdir apardıqları anti-Azərbaycan, antitürk siyasəti Azərbaycan xalqına külli miqdarda ziyan vurub: “Birinci növbədə, İrəvan şəhəri başda olmaqla, Azərbaycanın digər qədim torpaqları da ermənilər tərəfindən qəsb edildi və orada Ermənistan Respublikası yaradıldı. Ondan da dəhşətli hadisə o oldu ki, İrəvan ərazisindən ikiqat böyük olan Göyçə və Zəngəzurun bir hissəsi imperiya tərəfindən bizdən qoparılıb Ermənistana verildi. Bu dəhşətli siyasət davam etdirildi, bizim torpaqlarda ermənilərin yerləşdirilməsi siyasəti getdi, hətta Qarabağ ərazisində, coğrafi ərazi olan dağlıq və aran Qarabağı süni “inzibati ərazi bölgüsü” kimi qələmə verərək, “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaratdılar. Bütün bunlar siyasi və hüquqi baxımdan kifayət qədər absurd, haqsız, ədalətsiz bir proses idi. Amma bu proses sonradan o ərazilərin etnik təmizlənməsi ilə əvəzləndi. Ermənilər azərbaycanlılara qarşı soyqırım siyasəti yeritdilər, dəfələrlə terror etdilər, deportasiya aktı həyata keçirdilər. Hətta indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycanın ərazilərinin əhalisinin 90 faizə qədəri azərbaycanlı olduğu halda, azərbaycanlıların yaşadığı kəndlər, şəhərlər dağıdıldı, yandırıldı, məhv edildi, azərbaycanlılar doğma yurdlarından çıxarıldılar. Bundan sonra da bu dəhşətli prosesin davamını həyata keçirdilər, bizim milli indentikliyimizi, izimizi silmək üçün bütün güclərini işə saldılar. İndiki Ermənistan dövləti ərazisində Azərbaycan türklərinə məxsus olan tarixi izləri, toponimləri, abidələrin üzərindən milli indentikliyi itirmək üçün planlı şəkildə, dövlət səviyyəsində təxribata əl atdılar. Ona görə də çox vaxt bizim Qafqazşünaslıq İnstitutunun profili olaraq Ermənistanın da sosial, siyasi, iqtisadi vəziyyətini öyrənirik, dövlət qurumlarının böhranlarını, bizə qarşı törətdikləri cinayətləri, region dövlətlərinə münasibətlərini öyrənirik. Eyni zamanda, görürük ki, ermənilər o ərazilərdə Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələrini, mədəni irsi də dağıdıb məhv ediblər, azərbaycanlıların, türklərin o ərazilərdən izlərini itirməkdən ötrü o abidələri, qəbiristanlıqları, məscidləri, karvansaraları, kəhrizləri, qalaları, türbələri dağıdıb, yer üzündən siliblər. Sizə deyim ki, hətta məlumata görə, vaxtilə indiki Ermənistan ərazisində mövcud olan 300-dən artıq məscid dağıdılıb, yoxa çıxarılıb. Onlar İrəvan şəhərində bir məscid saxlayıblar, onun da adını dəyişdirib “fars məscidi” qoyublar. Orada saysız-hesabsız qala olub, sadalamaqla qurtarmaz. O qalalar ki, onu Azərbaycan hökmdarları, dövlət xadimləri, Azərbaycan sərkərdələri yaratmışdılar. O ərazilərdə hökmranlıq edən sülalərimizin, dövlətlərimizin yadigarları idi bu qalalar. Amma onların yaratdıqları o qalalar, saraylar, türbələr, hamısı dağıdıldı, məhv edildi. Bu gün indiki Ermənistan ərazisində Azərbaycan xalqına aid iki abidə saxlayıblar, biri İrəvandakı Göy Məscid, o biri isə “türkmən abidəsi” kimi qələmə verdikləri Əmir Səəd türbəsidir.
O dərəcədə mənfur siyasət yürüdürlər ki, nəinki qonşu xalqlar, heç bir-birinə düşmən olan xalqlar da belə etmirlər. Ermənilərin isə bu düşmən münasibəti onların necə toplum olduğunu göstərir. Yoxsa, bizim xalq heç kəsə qarşı düşmənçilik etməyib, bu düşmənçiliyi yaradan da, davam etdirən də ermənilərdir”.
Q.Hacıyevin sözlərinə görə, düşmənçiliyin də bir həddi var, mübarizə də, müharibə də aparmaq olar, qalib gəlmək, məğlub da olmaq olar, amma ermənilər o qədər mənfur siyasət yeridirlər ki, siyasi cəhətdən avantürist, ideya cəhətdən çürük, mənəvi cəhətdən əxlaqsız, insani baxımdan da vandalizm. “Bu vandal tayfa Azərbaycan xalqına külli miqdarda ziyan vurub. Bir daha indiki Ermənistan ərazisindəki abidələrin öyrənilməsinə qayıtsaq, bəli, əvvəllər bu işlər elmi-tədqiqat institutları səviyyəsində görülüb. Mən özüm Tarix İnstitutunda işləyəndə də bu məsələlərlə bağlı müzakirələr aparmışıq, bunları kitablara daxil etmişik, bu barədə məqalələr yazmışıq, eyni zamanda, ermənilərin fitvası ilə Moskvada çıxan kitablara da cavablar vermişik, onlardan da güclüsünü yazmışıq. Məsələn, Arutunyanın əleyhinə, Kazimirovun əleyhinə yazdığım kitablar yadımdadır. Sonradan apardığımız tədqiqatlar da göstərdi ki, Ermənistan ərazisində maddi mədəniyyət nümunələrinin, maddi-mədəni irsin kökü kəsilib, yox edilib.
Tam əsaslı şəkildə Azərbaycan dövləti tərəfindən bu barədə rəsmi qərar qəbul edilməsinin nəticələri daha böyük olacaq. Çox müsbət haldır ki, nəhayət, Mədəniyyət Nazirliyi bu məsələyə diqqət yetirdi, buna daha ciddi şəkildə yanaşma sərgilədiyini ortaya qoyur. Nəhayət, nazirlik əsas məsələləri qoyub, qeyri-əsas məsələlərlə məşğul olmağı dayandırıb, bu çox yaxşı haldır. Əvvəllər bu sahə heç yada düşmürdü, amma indi Mədəniyyət Nazirliyinin diqqətini cəlb edir. Həqiqətən də obyektiv, xalqın, dövlətin maraqlarına cavab verən şəkildə tədqiqatlar, araşdırmalar aparılacaqsa, birdəfəlik erməni saxtakarlığına son qoyulacaq”.
Q.Hacıyevin fikrincə, XX əsrin əvvələrində rus alimlərinin, hərbçilərinin çəkdiyi xəritələr var, o ərazilərdə indi dağıdılan abidələrin şəkillərinin əksəriyyəti qalıb, qəbiristanlıqların dağıdılması haqqında faktlar çoxdur, o dövrdə ermənilərin törətdikləri vandalizmi, vəhşiliyi göstərən faktları beynində saxlayan insanlar arasında hələ də həyatda olanlar var: “Bütün bunlar ətrafında kompleks şəkildə tədqiqatlar aparmaqla Azərbaycanın qədim tarixi torpağı olan Qərbi Azərbaycanın tarixini olduğu kimi bərpa etmək və haqqımızı beynəlxalq aləmə tanıtmağımız mümkündür. O ki, qaldı arxiv sənədlərinə, bəli, həm Türkiyədə, həm Rusiyada, həm də Gürcüstanda kifayət qədər arxiv sənədi var. Əvvəllər, Sovet dövründə Gürcüstanda olan arxiv sənədləri səthi şəkildə qəbul olunurdu. Moskva o sənədlər üzərində işləməyə imkan vermirdi...” - deyə Q.Hacıyev bildirdi.
Q.Hacıyev əlavə etdi ki, nazirliyin bu işi uğurla başa çatdırması və bütün faktları beynəlxalq ictimaiyyətə təqdim etmək üçün kifayət qədər əsas, sənədlər, arxiv materialları var. Müsahibimizin sözlərinə görə, Qərbi Azərbaycanda ermənilər tərəfindən məhv edilən abidələrimizlə bağlı faktlar beynəlxalq ictimaiyyətə təqdim edildikdən sonra dünya Ermənistanın əsl sifətini bir daha görəcək. O hesab edir ki, bu sahədə Gürcüstanla, Rusiya və Türkiyə ilə əməkdaşlıq, onların arxivlərindən yararlanmaq böyük fayda verəcək, Azərbaycan, eləcə də bütün region üçün təhlükə yaradan Ermənistan beynəlxalq aləmdə mədəni irs soyqırımı da törətmiş terrorçu bir ölkə kimi tanınacaq.
İradə SARIYEVA