Erməni mediası Almaniyanın SWR telekanalının Azərbaycanın həmin ölkənin deputatlarından ibarət qrupla lobbi əməkdaşlığı etdiyinə dair qərəzli materialı geniş şəkildə tirajlayır. Həmin məlumatda qeyd edilir ki, güya Azərbaycan 2008-2016 –cı illər ərzində alman deputatların ələ alınmasına 4 milyon avro pul xərcləyib.
Məqsəd də bu olub ki, həmin deputatlar Qarabağla bağlı məsələdə Bundestaqda Azərbaycanın mövqeyini qorusunlar. Sübut kimi isə ortaya əsası olmayan dəlillər qoyulur. Hətta həmin deputatlardan birinin bizim Almaniyadakı səfirliyə yazdığı məktub və ona diplomatımızın elektron poçt vasitəsilə verdiyi cavab da təqdim edilir. Maraqlıdır ki, həmin cavabda azərbaycanlı diplomat bunları yazır: “Biz çox şad olardıq ki, siz bu məsələni cənab Lebellə birgə araşdırardınız və Ermənistanın yanaşması ilə bağlı Bundestaqın mövqeyini öyrənərdiniz”.
Azərbaycanın illər uzunu mövcud olan Qarabağ münaqişəsilə bağlı təbliğat aparmağa tam haqqı çatırsa, niyə Alman mediası bunu başqa prizmadan yozur və ermənilərin əlinə qara piar üçün şans vermiş olur?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında suala cavab verməzdən öncə bildirdi ki, bir neçə ay əvvəl ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri Ermənistan dövlətindən və erməni lobbisindən rüşvət alan Almaniya Bundestaq üzvləri olan alman deputatlar haqqında yazı ilə çıxış edib: “ Yazı “Almaniya üçün Alternativ” partiyasının üzvlərinin Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləməsi, alman deputatlarının postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində Ukrayna, Gürcüstan, Moldovada yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq etməsi və tez-tez separatçı bölgələrdə səfərdə olmaları ilə bağlı idi. Burada bir haşiyə çıxım ki, Almaniya və Azərbaycan arasında son illərdə baş verən istənilən narahatlığın əsas səbəbi Avropanın enerji təchizatı məsələlərində fərqli cəbhələrdə yer almağımızla bağlıdır.
Hələ Almaniya birləşməzdən öncə AFR-də ümumilikdə alman mediasına təsir edə bilən bir şəbəkə mövcuddu. Bu məqam Almaniya-Azərbaycan münasibətlərində narahatlığa səbəb olan bütün aspektlərdə özünü göstərir. Son illərdə isə bura daha bir məqam əlavə olunub. Bu da Almaniya şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz fəaliyyətinin ifşasına dair faktlardır. Oxçuçayı çirkləndirən, Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti “Cronimet Holding” işğal altındakı zamanlarda Azərbaycanın təbii resurslarının talan olunmasında iştirak edib və Azərbaycanın ilkin hesablamalarına görə, bizə milyardlıq ziyan vurub”.
Ekspertin sözlərinə görə, iki gündür Almaniyanın ictimai televiziyası ZDF-in çəkiliş qrupu futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək yarımfinalını işıqlandırmaq məqsədilə Azərbaycana səfəri haqqında təbliğat aparır: “Haqqında danışdığımız yazını dərc edən media barəsində onu deyim ki, SWR Almaniyanın cənub-qərbi federal əyalətlərində xidmət edən regional bir ictimai yayım şirkətidir. SWR Almaniyanın icitimai televiziyalar qrupu olan ADR konsorsiumuna aiddir . Bu konsorsium son illər yayımçılığa görə aylıq abunə və reklam hesabına maliyyələşir. Yarandığı gündən maliyyə dairələrinin maraqlarının təmsilçisi rolunda çıxış edir və Almaniyada bu qisimdə olan media tək ADR konsorsumu deyil. Azərbaycanda keçirilən UEFA 2020 yarımfinalını işıqlandıran alman ictimai kanalı məhz ZDF-dir. Maraqlıdır ki, ZDF-in çəkiliş qrupu həm də işğaldan azad etdiyimiz ərazilərə Azərbaycan rəsmiləri ilə razılaşdırılmamış, gizli səfər etmək istəyirdi. Əslində, hər addımda mina olan ərazilərə gizli səfər etmək istəyən ZDF əməkdaşlarının özlərini belə təhlükəyə atmaqda maraqlarının nədən ibarət olduğunu təxmin etmək çətin deyil.
Istər Azərbaycanın işğaldan azad etdiyi ərazilərə şübhəli səfər planlaşdıran ZDF, istərsə də Alman Bundestağında Azərbaycan lobbi qrupunun "tərksilah" edilməsini yayımlayan SWR-in bu araşdırması ərazilərimiz işğal altında olduğu zamanlarda rayonlarımızı talan edən və ekoloji virana məruz qoyan Alman şirkətlərinin sifarişi ilə həyata keçir. Tam qərəzli yazıdır. Ermənilərin marağına cavab verdiyi üçün onu bu şəkildə tirajlayırlar”.
Məhəmmədəli QƏRİBLİ