Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı gündəmə gəlib. Bu məqsədlə təşkilatda “tərəfdaş ölkə” institutu yaradılması təklif olunub. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası üzrə Komitəsinin sədri Leonid Kalaşnikov iddia edib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Rudenko da Azərbaycanın KTMT-yə qoşulması məsələsini gündəmə gətirmişdi. O demişdi ki, Azərbaycanın KTMT-yə qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın nizamnaməsinin bəzi bəndləridir: “Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi bunun gec və ya tez baş verəcəyinə ümid edirik”. Bəs Azərbaycan KTMT-yə qoşulmaqda maraqlıdırmı və bununla bağlı müraciət edibmi?
Hələ ki, Azərbaycan rəsmi dairələrinin buna bənzər bəyanatlarla çıxış etdiyinin şahidi olmamışıq. Belə iddialar var ki, hətta Rusiya bu yöndə Azərbaycana dolayı təzyiqlər də edir. Eyni zamanda, erməni separatçılarının Qarabağda aktivləşməsini Rusiyanın bu yöndə etdiyi təzyiq kimi qiymətləndirənlər də az deyil. Bu yöndə səslənən iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, Rusiya Azərbaycanın KTMT-yə üzv olmasını çoxdan istəyir: “Nəzərə almaq lazımdır ki, Kollektiv Təhlükəsizliklə bağlı müqavilənin yaranmasında iştirak edən ölkələrdən biri Azərbaycan olub. Onda KTMT hələ yaranmamışdı. Ölkəmiz uzun müddət həmin Müqavilə çərçivəsində Qarabağ probleminin həllini təmin etməyə çalışdı. Xüsusilə də Rusiyadan tələb etdi ki, problemin həllində ədalətli mövqe tutsun. Təəssüflər olsun ki, Rusiyada güclü hakimiyyət olmadığı üçün onlardan bu mövqeni görmədik. Ardınca Azərbaycan Müqavilədə iştirakla bağlı müddəti uzatmadı. Sonradan qurum təşkilata çevrildi. Azərbaycanın parametrləri Rusiyanı cəlb edir və Moskva bizim KTMT-də üzvlüyümüzə ciddi çalışır. Mən inanmıram ki, Qarabağda separatçıların fəallaşması KTMT-yə üzvlük amili ilə bağlıdır. Onlar fəallaşıb nə edə bilərlər? Azərbaycanı KTMT-yə üzvlüyə razı salmaq üçün olduqca ciddi səbəblər olmalıdır. Hələlik biz belə ciddi səbəbi görmürük və yaxın vaxtlarda olacağını da gözləmirəm. Azərbaycanın həmin hərbi ittifaqa daxil olması qeyri-mümkündür. Nə ölkə rəhbərliyi bunu istəyir, nə də ictimai rəy bunu qəbul edər. Hərdən belə bəyanatlar da səslənir ki, güya Azərbaycanın həmin təşkilata üzv olmasına Ermənistan veto qoya bilər. Azərbaycan belə fikirdə deyilsə, hansı vetodan söhbət gedə bilər? Azərbaycan hansısa quruma üzv olmaq istəsə, Ermənistan kimi ölkənin buna veto qoymağa gücü çatmaz. Qarabağda baş verən lokal hadisələrin qarşısını almaq Azərbaycan üçün problem deyil. Davamlı olarsa, antiterror əməliyaytı keçirib, həmin ocaqları tez bir zamanda söndürə bilərik”.
Məhəmmədəli QƏRİBLİ