Parlament seçkilərindən sonra Ermənistanda hakimiyyət və müxalifət arasında ziddiyyətlərin daha da dərinləşməsi, tərəflərin bir-birinə qarşı repressiv metodlardan istifadə edəcəyinə dair verilən proqnozlar özünü doğruldur. Xüsusən də yenidən hakimiyyətdə qalmağı bacaran Nikol Paşinyanın eks-prezident Robert Köçəryanı və tərəfdarlarını inzibati metodlar hesabına zərərsizləşdirməyə başlaması qeyd edilənlərin real təsdiqi hesab olunur.
Belə ki, Ermənistan hüquq-mühafizə orqanları Qacaran meri Manvel Paramazyanın evində, ofisində, qarajında və Zəngəzur mis-molibden kombinatında axtarış aparıblar. Qeyd edək ki, Paramazyan bir müddət öncə baş tutan seçkidə Robert Köçəryanın “Ermənistan” blokunu dəstəkləyib. Zəngəzur mis-molibden kombinatına gəlincə isə, bu müəssisənin səhmdarlarından biri məhz “Ermənistan” blokunun liderlərindən sayılan Vaqe Akopyandır. Paşinyan onu da hədələyib. Bu şəxslərin həbsi Robert Köçəryanın ilk növbədə iqtisadi dayaqlarının sıradan çıxarılması deməkdir. “Azatutyun” radiosu bildirir ki, Milli Təhlükəsizilik Xidməti əməkdaşları Manvel Paramazyanın evində, ofisində və qarajında axtarış apardıqdan sonra onu İrəvana aparıblar. Lakin Milli Təhlükəsizlik Xidməti bu xəbərlərlə bağlı heç bir informasiya vermir. Qacaran merinin vəkili Yervand Varosyan qeyd edir ki, ona bu iş barədə heç nə məlum deyil. O güman etdiyini bildirib ki, müştərisini hansısa “absurd qanunsuz torpaq alqı-satqısında” şübhəli bilirlər. Varosyan bildirib ki, onun fikrincə, bütün bunlar hakimiyyət tərəfindən rəqib siyasi qüvvələrə qarşı daha bir şounun düzəldilməsi üçün bəhanədir. Qacaran meri daha bir iş üzrə müttəhim qismində keçir. Bu ittihama əsasən, Paramazyanın atasını hansısa vətəndaş vurduğuna görə həmin şəxs oğurlatdırılıb. Bu oğurluğun arxasında da məhz Manvel Paramazyan dayanır. Yervand Varosyan bildirir ki, bütün bunlar Qacaranda 20 iyun seçkisində Robert Köçəryanın “Ermənistan” blokunun qalib gəlməsi ilə bağlıdır: “Belə görünür ki, bu iş tam perspektivsizdir, lakin hakimiyyət tərəfindən bu işlər davam etdiriləcək. “Ermənistan” bloku Qacaranda ən çox səs qazanandan sonra bunlar bizim üçün gözlənilən idi”. Bir daha xatırladaq ki, 20 iyun seçkisində “Ermənistan” bloku Nikol Paşinyanın əsas rəqibi idi.
Belə bir vaxtda seçkilər zamanı Paşinyana qarşı olmuş Gorusun meri Aruş Aruşanyan başqa bir iş üzrə şübhəli qismində dindirilib. Aruşanyanın vəkili Erik Aleksanyan hadisənin siyasi təqib olduğunu deyib. Gorusda eyni iş üzrə müttəhim kimi Karaunc kəndinin icra nümayəndəsi Lusine Avetyan da keçir. Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Avetyan Karaunc kəndinin 5 sakininə sosial yardım adı ilə pul verib, daha sonra isə onları “Ermənistan” blokunun təşviqat kampaniyasında iştirak etməyə və bu bloka səs verməyə məcbur edib. Artıq məhkəmə Lusine Avetyan barəsində həbs qətimkan tədbiri seçib. Ermənistan mediası iddia edir ki, Avetyandan Gorusun merinə qarşı ifadə almaq istəyirlər. Onun vəkili qismində qızı Marqarita Kazaryan çıxış edir. Kazaryan bildirib ki, ona iş barədə mediaya hər hansı açıqlama vermək qadağan olunub. Qeyd edək ki, parlament seçkisində Karaunc kəndinin başçısı “Ermənistan” blokunun etimadlı nümayəndəsi olub, Gorus və Qacaranın merləri isə “Ermənistan” blokundakı “Dirçələn Ermənistan” partiyasının idarə heyətinə daxildirlər. Sözügedən partiya baş verənlərlə bağlı yaydığı bəyanatda bildirib: “Qanunçuluq prinsipi ilə heç bir əlaqəsi olmayan uydurma və əsassız hərəkətlər müstəsna olaraq siyasi təqibin təzahürüdür və opponentlərin susdurulmasına yönəlib”. Partiya bildirir ki, baş verənlər qondarma cinayət işlərinin yeni dalğasının başlanmasından xəbər verir.
Bununla yanaşı, məlumdur ki, Ermənistan ordusunun Azərbaycanın Qazax-Tovuz-Gədəbəy rayonları ilə həmsərhəd ərazilərə cavabdeh olan 3-cü ordu korpusunun komandanı, general Qriqori Xaçaturov vəzifəsindən azad edilib. “Ermənistan” blokunun üzvü Artur Kazinyan bildirir ki, general Xaçaturov həm də ordudan tərxis olunub: “Onu Azərbaycanın təsir agentinin (Nikol Paşinyan nəzərdə tutulur) istefasını tələb etdiyinə, Tavuş vilayətində ərazilərin düşmənə verilməsi barədə əmri yerinə yetirmədiyinə görə cəzalandırırlar. Siz hələ də Tavuş vilayətinin yollarında “Azərbaycana xoş gəlmisiniz” lövhəsi və Azərbaycan əsgərlərini görmürsünüzsə, bu istedadlı hərbçiyə, əsl erməniyə borclusunuz. Nə demək olar, öz seçiminizdən və Azərbaycan poladından (Paşinyanın “polad mandatına” eyhamla) həzz alın”. Xatırladaq ki, bu ilin əvvəllərində general Xaçaturov Baş qərargah rəisi Onik Qasparyanla birlikdə Paşinyanın istefa verməli olduğu haqda bəyanata imza atanlardan biri idi. Qriqori Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, KTMT-nin keçmiş baş katibi İqor Xaçaturovun oğludur. Paşinyan hakimiyyətə gələndən sonra İqor Xaçaturovu təqib edib və onun barəsində cinayət işinin qaldırılmasını tapşırıb, vaxtından əvvəl KTMT baş katibi vəzifəsindən geri çağırıb.
Robert Köçəryanın digər tərəfdarlarının da inzibati yolla sıradan çıxarılması gözlənilir. Ən sonda isə Robert Köçəryanın özünün yenidən həbsə atılması qaçılmaz sayılır.
Ramil QULİYEV