6-9 iyul 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Əmir Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən baki-xeber.com-a daxil olan məlumatda bildirilir.
İclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.
Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissiyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcək. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.