İkinci Qarabağ müharibəsində darmadağın olan Ermənistan ordusunun qalıqları da ciddi problemlə üzləşib. Bu gedişlə erməni ordusundan, ümumiyyətlə, əsər-əaqmət qalmayacaq.
Təkcə son bir həftə ərzində baş verən hadisələr Ermənistan ordusunun əsl xaos mənbəyinə çevrilməsindən xəbər verir. Ermənistan mediasının yazdıqlarından bəlli olur ki, bu günlərdə ordunun Gorus rayonunda yerləşən hərbi hissələrinin birində hərbi qulluqçular arasında kütləvi dava olub. Spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisənin sonradan kütləvi davaya çevrildiyi bildirilib. Davaya hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı nalayiq hərəkətləri səbəb olub. Dava nəticəsində bir neçə hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb, bəziləri hospitala yerləşdirilib. Bundan əvvəl isə Ermənistan ordusunda komandir gənc zabiti döyüb. Belə ki, ölkə ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb. Xəbərdə bildirilir ki, yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanunazidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyib. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilmədiyindən hərbi prokurorluğa şikayət edib. Digər məlumata görə, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən əsgər müalicəsi başa çatdıqdan sonra hərbi hissəyə qayıtmamaq qərarına gəlib. Yayılan xəbərlərdə əsgər Hrayır Yesoyanın hərbi hospitalda müalicəsi başa çatdıqdan sonra xidmət yerinə qayıtmaqdan imtina edərək evlərinə qaçdığı bildirilir. Hərbi polis onun tapılması və xidmət yerinə qaytarılması ilə bağlı axtarışlar aparır.
Bundan başqa, son günlərdə yayılan daha bir maraqlı məlumat odur ki, Ermənistanın Ararat vilayətinin Armaş kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissənin 120 nömrəli postundakı blindajda güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananların ərazidən təxliyə olunduqları bildirilir. Yaralılar təcili yardım maşınları ilə hərbi tibb məntəqəsinə çatdırılıb. Ermənistan hadisə ilə bağlı hələlik rəsmi məlumat verməsə də, hərbi hissə komandanlığı və hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə partlayışın baş verməsi səbəblərini araşdırır. Digər məlumata görə, iyulun 8-də Ermənistan ordusunun hərbi hissələrindən birinə məxsus “Niva” markalı “37AA07” dövlət nömrə nişanlı avtomobilin qarşısı naməlum şəxslər tərəfindən kəsilib. “Pajero” markalı avtomobillə hərbi avtomobilin qarşısını kəsən naməlum iki şəxs qısa mübahisədən sonra müqavimət göstərməyə çalışan “Niva”nın sürücüsü Armen Yegyanı döyüb. Həmin şəxslər avtomobili A.Yegyandan zorla aldıqdan sonra hadisə yerindən uzaqlaşıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü A.Yegyan mülki şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb. Belə bir cinayətin törədilməsinə səbəb avtomobili sürücünün əlindən zorla alan şəxslərə hərbi hissə komandirinin külli miqdarda pul borclu olmasıdır. Fakt ictimailəşdirilməsə də, hüquq-mühafizə orqanları və hərbi polis tərəfindən araşdırma aparılır. Başqa məlumatda deyilir ki, Ermənistan ordusunun Gorus rayonunda dislokasiya olan bölmələrindən birində əsgərlər arasında koronavirus infeksiyası sürətlə yayılıb. Erməni mediası yazır ki, hərbi qulluqçular K.Gevorkyan və D.Petrosyan koronovirusa yoluxduqlarından, bir neçə gündür yüksək temperaturdan əziyyət çəkirlər. Lakin postlarda şəxsi heyət çatışmadığından onlar tibb müəssisəsinə göndərilmir. Əsgərlərə hərarət endirən və ağrıkəsici iynələr vuraraq, onları yenidən posta qalxıb xidmət aparmağa məcbur edirlər. Dözülməz vəziyyətlə üzləşən əsgərlər, belə davam edərsə, ya fərarilik, ya da özlərinə qəsd edəcəklərini bildiriblər. O da qeyd edilir ki, hərbi həkimlərin səhlənkarlığı səbəbindən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində COVID-19 virusuna yoluxma halları xeyli artıb. Koronavirusa yoluxan kiçik çavuş Q.Nersisyanın hərbi hissənin həkimi tərəfindən tibbi müayinədən keçdikdən sonra vəziyyətinin normal olduğu bəhanə edilərək xəstəxanaya göndərilmədiyi və bu barədə yuxarı komandanlığa məlumat verilmədiyi bildirilib. Bu səbəbdən də bir neçə gün ərzində bölüyün bütün şəxsi heyətinin COVID-19 virusuna yoluxduğu məlum olub. Hərbi qulluqçular yüksək hərarət və halsızlıqdan əziyyət çəkir. Hərbi hissə komandanlığı şəxsi heyətin yoluxma faktını hər vəchlə ört-basdır etməyə çalışır. Fərarilik də erməni ordusunda geniş yayılmağa başlayıb. Belə ki, Ermənistan ordusunun hərbi hissələrindən birində xidmət edən iki hərbi qulluqçunun rüşvət müqabilində məzuniyyətə getməsi faktının ortaya çıxması hərbçilərin valideynləri arasında böyük narazılıqlara səbəb olub. Biabırçı rüşvət faktı əsgərlərin məzuniyyətdən gec qayıtmalarının üstünün açılması zamanı müəyyən edilib. Qeyd olunur ki, əsgər Nver Danielyan və İsxan Sarkisyan rüşvət verərək məzuniyyətə gedib. Hərbi hissəyə qayıdarkən hərbi polis tərəfindən sənədlərin yoxlanılması zaman onların məzuniyyətdən bir neçə gün gec qayıtdıqları məlum olub. Hərbçilərin hərbi xidmətdən yayınmaları ilə bağlı məsələ qaldırılarkən, onların rüşvət müqabilində məzuniyyətə getdikləri aşkarlanıb. Komandanlığın faktın ört-basdır edilməsi üçün hərbi polislə “danışıqlar” apardığı bildirilir.
Bütün bunlar təkcə son bir həftə ərzində baş verənlərdir. Belə görünür ki, Azərbaycan Silahlı Qüvvələrini darmadağın etdiyi erməni ordusu indi də xaos və anarxiya üzündən tam məhv olur.
Nahid SALAYEV