Qarabağın Rusiya sülhməramlılarının təsir zonasına daxil olan hissələrində mövcud olan qanunsuz erməni silahlı birləşmələri qaldıqca, bölgədə təxribat risqi mövcuddur.
İyulun 6-da qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulması bunu bir daha sübut etdi. Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçularımız yaralanıb. Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Son zamanlar Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin gözə çarpmadığı barədə informasiyalar yayılıb. Yanvarın 30-da açılışı baş tutan mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Lakin cəmiyyət arasında Monitorinq Mərkəzinin indiyə qədər Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər barədə heç bir açıqlama verməməsi böyük müzakirələrə səbəb olub. Xalq nə baş verdiyini bilmək istəyir. Belə olan halda, Qarabağdakı Monitorinq Mərkəzi niyə açıq hesabatla çıxış etmir?
“Moskva bununla 44 günlük müharibədən məğlub çıxan Ermənistanın daha da zəif duruma düşməsini istəmir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov Monitorinq Mərkəzinin hesabat verməməsini əsasən Rusiyanın bunda maraqlı olmaması ilə əlaqələndirdi: “Məsələ ondadır ki, Monitorinq Mərkəzində Türkiyə təmsil olunsa da, əsas təşəbbüs Rusiyanın əlindədir. Ona görə ki, sülhməramlı qüvvələr Rusiyaya məxsusdur. Rus sülhməramlıları Qarabağda yerləşəndən ermənilər xeyli arxayınlaşıblar. Onların cəzalanmayacağını bildiklərinə görə bu hadisələri törədirlər. Ermənilər arxayındırlar ki, bu cür pozucu hallara yol verdiklərinə görə Rusiya onları ittiham etməyəcək. Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən sonra hər vasitə ilə çalışırlar ki, Qarabağa daha çox erməni qayıtsın. Çünki onların Qarabağda mövcudluğu ermənilərin qayıtması ilə müəyyən olunur. Rusiyanın siyasi istəyi olmadığına görə Monitorinq Mərkəzi açıq hesabatla çıxış etmir. Fikirləşirlər ki, açıq hesabatlar versələr, ermənilərin təxribat əməlləri ifşa olunacaq. Nəticədə ermənilərin Rusiyadan narazılığı artacaq. Digər tərəfdən, Moskva bununla 44 günlük müharibədən məğlub çıxan Ermənistanın daha da zəif duruma düşməsini istəmir. Ona görə də indiyə qədər hər hansı hesabat görmürük”.
Partiya funksioneri hesab edir ki, Azərbaycan bu məsələdə tələbkar olmalıdır.
Vidadi ORDAHALLI